BAKI, 7 yanvar — Sputnik. ABŞ-ın İraqa endirdiyi aviazərbələr nəticəsində həlak olan general Qasım Süleymaninin Kirman şəhərində dəfn mərasimi təxirə salınıb. Sputnik Azərbaycan "Press TV"-yə istinadən xəbər verir ki, dəfn mərasiminin təxirə salınmasına səbəb onunla vidalaşmaq istəyən şəxslərin sayının həddən artıq çox olmasıdır.
Qeyd edək ki, dəfn mərasimi zamanı baş tutan izdihamda 40 nəfər ölüb, 200-dən çox şəxs yaralanıb.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.