BAKI, 7 yanvar — Sputnik. İranın Kirman şəhərində İraqda öldürülmüş general Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İranın IRIB teleradio şirkəti məlumat yayıb.
İranlı general Qasım Süleymani ilə vida mərasimi onun doğma şəhəri Kirmanda bu gün səhər saatlarında başlayıb.
"Təəssüf ki, Kirmanda keçirilən dəfn prosesi zamanı iştirakçıların bir-birini sıxışdırması və kütləvi toplanması səbəbindən bir neçə nəfər ölüb, xəsarət alan bir neçə nəfər isə tibb mərkəzlərinə çatdırılıb"? - deyə İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Kulivənd bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbləri aydınlaşdırılır, araşdırmadan sonra əlavə məlumat veriləcək.
Yanvarın 3-də gecə Bağdad beynəlxalq aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" şiə qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. Vaşinqton bu şəxslərin 31 dekabr 2019-cu ildə ABŞ-ın Bağdaddakı səfirliyinə hücumun təşkilində iştirak etdiyini güman edir.
İran Ali dini lideri Əli Xamenei və İran Prezidenti Həsən Ruhani Qasım Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. Dünya ictimaiyyəti ABŞ və İranı səbrli olmağa çağırıb.