Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev: "2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır"

© AZƏRTACPrezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi"

BAKI, 7 yanvar — Sputnik. "Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın".

Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident bildirib: "Mən sizi “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız. Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülübdür. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edib".

İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərişığ"a yeni sədr təyin olundu

Ancaq bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqların olduğunu da xatırladan Prezident deyib: "Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.

Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək".

"Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.

Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir", - deyə Prezident tapşırıq verib.

Ödəmələr məsələsinə diqqət çəkən Prezident İlham Əliyev artıq bu problemin aradan qaldırıldığını deyib: "Siz “Azərenerji”yə enerji pulunu 100 faiz ödəyirsiniz və yığım da 95 faizdir, bu da hesab edirəm ki, yaxşı nəticədir".

"Əlbəttə ki, gələcəkdə, xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir. Çünki biz, demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir. Paylayıcı xətlər indi tamamilə yenilənibdir. Ona görə enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişıq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır.

İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın. Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin. 2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız", - deyə İlham Əliyev bildirib.

Xəbər lenti
0