BAKI, 7 yanvar — Sputnik. Birləşmiş Ştatların müdafiə naziri Mark Esper bu ölkənin hərbçilərinin İraqdan çıxmağa hazırlaşmasına dair yayılan məlumatları təkzib edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Mark Esper Pentaqonda jurnalistlərə açıqlamasında bildirib.
"İraqdan çıxmağa dair qərar qəbul edilməyib, bizim belə planlarımız yoxdur", - deyə Esper vurğulayıb.
Xatırladaq ki, daha əvvəl bəzi KİV ABŞ-ın İraqdakı qoşunlarının komandanı, briqada generalı Uilyam Silinin məktubunu yayımlayıb. Məktubda Sili yerli hökumətin tələbi ilə ABŞ qoşunlarının İraqdan çıxarılması prosesinə başlanıldığını qeyd edir.
Esper vurğulayıb ki, bu məktub barədə məlumatsızdır. Pentaqon rəhbəri qeyd edib ki, hazırda ABŞ Müdafiə Nazirliyi məlumatı öyrənir və "məktubun mənbəyini" öyrənməyə çalışır.
Xatırladaq ki, daha əvvəl İraqın Baş Naziri Adil Abdel Mahdi ABŞ-ın bu ölkədəki səfiri Metyu Tyulleri İraq parlamentinin xarici qoşunların bu ölkədən çıxarılması qərarı barədə məlumatlandırıb.
Qeyd edək ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinə son qoyulmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.