BAKI, 6 yanvar — Sputnik. Qazaxıstanın Almatı şəhərində polis "Kok-Tobe" parkının nəzdindəki "Katapult" attraksionunun sahibinə qarşı məhkəmə öncəsi istintaq hərəkətləri başladıb.
Sputnik Qazaxıstan xəbər verir ki, orada yanvarın 2-də 14 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb. "Katapult"da tullanarkən təhlükəsizlik kəməri açılıb və yeniyetmə 4-5 m yüksəklikdən yerə çırpılıb, əl və ayaqları sınıb. O, Almatıda Uşaq Təcili Tibbi Yardım Mərkəzinə aparılıb, həkimlər durumunu sabit qiymətləndirirlər.
Maraqlıdır ki, uşağın valideynləri attraksionun sahibinə heç bir irad bildirməyiblər, onların fikrincə, hər şey oğullarının öz ehtiyatsızlığı üzündən baş verib.
"Zərərçəkən tərəfin ifadəsinə rəğmən, Medeus rayonunun polis idarəsində QR CM-nin 306-cı maddəsi ilə ("Təhlükəsizlik tələblərinə cavab verməyən malların istehsalı və ya satışı, işlərin və ya xidmətlərin görülməsi") məhkəməyəqədər istintaq işi aparılır", - Almatı polis departamentinin açıqlamasında bildirilir.
Əgər istintaq nəticəsində attraksion sahibinin günahkar olduğu aşkarlansa, onu 1120 ABŞ dolları həcmində cərimə, yaxud 160 saat ictimai işə cəlb olunma və ya 3 il müddətində müəyyən vəzifə tutma və ya müəyyən işdə çalışma qadağası ilə 40 sutka həbs gözləyir.