Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 yanvar — Sputnik. Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə Xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.
Abidənin tarixi və tikilinin təyinatı haqqında Sputnik Azərbaycan-a bələdçi Afət Babayeva danışdı: "Möminə Xatun türbəsi XII əsrdə inşa edilib. O zaman Azərbaycanda Atabəylər dövləti hakimiyyətdə olub. Atabəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldəniz öz həyat yoldaşı Möminə Xatunun şərəfinə, onun məzarı üzərində bu türbəni tikdirib. Amma təəssüf ki, Atabəy bu türbənin qoyuluşunu belə, görməyib. Çünki Möminə Xatundan 28 gün sonra özü də vəfat edib. Türbəni oğlu Məhəmməd Cahan Pəhləvan tikib başa çatdırıb".
Türbənin inşası haqda maraqlı faktlar mövcuddur. Belə ki, sözügedən türbə 11 ilə inşa olunub. Afət Babayevanın sözlərinə görə, abidənin tikilişində yumurtadan istifadə olunub:
"Abidənin hörgüsü zamanı palçığına yumurta da qatılıb. Qum, gildən istifadə olunub, bişmiş kərpicdən, keçinin südündən və tükündən də istifadə edilib. Burada istifadə olunan hər bir tikinti materialı yerli istehsal olub. Türbənin özü iki hissədən ibarətdir - alt hissəsi sərdabədir, bir də yerüstü hissədir. Bu hissə çox sadədir, naxışları ancaq xaricdə verilib. Daxildən dairəvidir, xaricdən onbucaqlı şəklindədir. Daxilində olan yeganə naxışı günbəzində olan 4 ədəd dairəvi medalyondan ibarətdir. Onların içərisində ornamentlər var, hər birinin də mərkəzində Allah, Məhəmməd və ilk xəlifələrin adları - Əbubəkr, Ömər, Osman, Əli - qeyd olunub".
XII əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı, mərkəz şəhəri olub. 1136-cı ildən 1325-ci ilədək onların hakimiyyət dövrü olub. Müxtəlif şəhərlərin paytaxt olmasına baxmayaraq, Naxçıvan hər zaman diqqət mərkəzində saxlanılıb. Çünki bu ərazi keçid rolu oynayıb. Həm iqtisadi, həm də hərbi yürüşlər cəhətdən bu şəhər əlverişli hesab edilir. Atabəy Şəmsəddin Eldəniz öldükdən sonra taxta oğlu Məhəmməd Cahan Pəhləvan çıxıb. O zaman Cənubi Azərbaycanı Məhəmməd Cahan Pəhləvan, Şimali Azərbaycanı isə Qızıl Arslan idarə edib. Həmsöhbətimiz vurğuladı ki, vaxtilə bu ərazi Atabəylər dövlətinin mərkəz meydanı hesab edilib ki, burada başqa tikililər də mövcud olub: "Buranın girişi olub, qoşa minarələr olub, arxasında çox böyük bir məscid olub. XII əsrdə Şərqdə böyük məscidlərdən biri olub. 5000 insan bir dəfədə ibadət edə bilib.
Eyni zamanda bu abidələr XIX əsrə qədər gəlib çatıb. XIX əsrdə abidələr baxımsızlıq, təbiət hadisələri, əsasən də müharibələrin təsirindən dağıdılıb. Yeganə Möminə Xatun türbəsi dövrümüzə qədər gəlib çatıb. Eyni zamanda bu məsciddə dövrün bir çox siyasi məsələləri, eyni zamanda bir çox dini ayinlər keçirilib ki, Atabəy öz ailəsi ilə bu məclislərdə iştirak edib".
Müsahibimizin sözlərinə görə, ümumiyyətlə türbənin özü şərqdə qadın şərəfinə tikilmiş ilk türbədir: "Bu türbənin inşasının bir neçə simvolik əlaməti mövcuddur. Birinci əlaməti XII əsrdə Azərbaycan qadınına, xüsusilə də anaya verilən qiymətin dəyərini göstərir. İkincisi, Atabəy Şəmsəddin Eldənizin Möminə Xatuna olan böyük sevgisinin simvoludur ki, arada böyük məhəbbət olmasaydı, belə bir möhtəşəm abidə ucalmazdı. Xaricdən on bucaqdan ibarətdir ki, bucaqların hər birinin üstündə yuxarıdan aşağıya doğru Qurani-Kərimdən "Yasin" surəsi yazılıb. Yazıların uzunluğu 500 metrə çatır".
Möminə Xatun türbəsinin alt sərdabə hissəsində də məzarlar olub. Əcəminin öz məzarı isə Həmədan şəhərindədir. Hüseyn İbrahimovun “Əsrin onda biri” əsərində Möminə Xatun türbəsinin inşasından, əsasən Memar Əcəminin həyatından bəhs olunur. Həmsöhbətimiz onu da bildirdi ki, Möminə Xatunun və oğlu Məhəmməd Cahan Pəhləvanın məzarları abidənin sərdabə hissəsində olub. Atabəyin məzarı Həmədan şəhərindədir. Amma o məzarlar dövrümüzə qədər gəlib çatmayıb: "Həmin məzarlar 1953-cü ilə qədər olub. 1953-cü ildə vahid imperiya olub. Burada o zaman rus arxeoloqlar olub, arxeoloji iş adıyla ekspedisiya aparıblar. Onların əsas məqsədi arxeoloji iş olmayıb, məqsəd buranın tarixini məhv etmək, dağıtmaq, yer üzündən silmək olub, istəklərinə də nail olublar. Məzarları tamamilə dağıdıblar, müəyyən qiymətli əşyalar olub ki, qarət edib, aparıblar. Bizdə olan məlumata əsasən, bəzi əşyalar, üzərində Atabəyin, əyanlarının şəkli olan metal pullar Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır".
Rəvayətə görə, Memar Əcəmi bu türbəni tikib, başa çatdırdıqdan sonra Atabəy Məhəmməd Cahan Pəhləvan onu sarayına dəvət edir və deyir ki, belə bir ikinci möhtəşəm abidəni başqa bir yerdə tikə bilərsən? Memar Əcəmi də deyir ki, bundan da gözəlini tikərəm. Məhəmməd Cahan Pəhləvan Əcəmini yola saldıqdan sonra vəzirinə əmr edir ki, onun boynunu vursun - "Mənim anamın məzarından gözəl məzar ola bilməz".
Amma vəzir Memar Əcəmiyə dəyər verdiyi üçün ona yaxınlaşır və vəziyyəti başa salır. Memar Əcəmi də bir müddət Naxçıvan şəhərindən uzaqlaşır. Məhəmməd Cahan Pəhləvan öldükdən sonra Naxçıvana qayıda bilir.
Bələdçi Afət Babayeva Əcəmi Əbubəkr oğlunun kədərli taleyi haqda da danışdı: "Memar haqqında bizim dövrümüzə çox az məlumat gəlib çatıb. Belə deyirlər ki, onun heç bir övladı olmayıb. Birinci həyat yoldaşı xəstəlikdən dünyasını dəyişib. Həyatına küskün olan bir insan öz peşəsinin fenomeni olub".
A.Babayeva söyləyir ki, onun tikdiyi abidələrə baxdıqda, belə qənaətə gəlmək olar ki, dəqiq elmlərə, fizika, kimya, riyaziyyat elmlərinə dərindən yiyələnib: "Abidənin üzərində, səthlərində naxışlar mövcuddur. İnsan o naxışa baxanda elə təsəvvür edir ki, eyni naxışdan istifadə olunub. Amma Memar Əcəmi təkrara yol verməyib. Hər naxış müxtəlif formadadır. Əsasən, həndəsi naxışlardan istifadə edib. Bu da onu göstərir ki, Memar Əcəmi elminin fantaziyası zəngindir. Eyni zamanda, abidə üzərində nə qədər yazılar varsa, hamısı ərəb dilindədir. Kufi xətti ilə yazılan yazılar, naxışlar qadın şərəfinə tikildiyi üçün abidəyə xüsusi bir yaraşıq verir. Memar Əcəminin abidə üzərində 2 bənd misrası var. Yazı ərəbcə yazılıb. Onun iki versiyası var. Birincisi:
Biz gedərik, ancaq qalar ruzigar,
Biz ölərik, əsər qalar yadigar.
İkincisi:
Təlatüm içrə bir sükunətdə daima ruzigar,
Biz köçərik dünyadan, bu qalar yadigar".
Sovet dövründə bir çox abidələrin vəziyyəti bərbad durumda olub. Elə haqqında danışdığımız abidə də həmin dövrlərdə baxımsız durumda olub: "Tarixi abidələrimizə biganəlik var idi. Tamamilə dağıdılırdı, müxtəlif məqsədlər üçün istifadə olunurdu. Amma Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra o, bütün abidələrimizə qayğı ilə yanaşdı. O, hər zaman Naxçıvana gələndə Möminə Xatun türbəsini ziyarət etmədən getməzdi. Heydər Əliyevin qayğısı sayəsində 1997-ci ildə bu türbə muzey kimi fəaliyyətə başladı, insanların ixtiyarına verildi ki, artıq Naxçıvan şəhəri də dünyaya açılan bir qapıdır, hər yerdən buranın adını eşidib, ziyarətə gələnlər var", - deyə A.Babayeva bildirdi.