BAKI, 6 yanvar — Sputnik. Almaniya polisi aralarında azərbaycanlıların da olduğu 19 nəfəri saxlayıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bu barədə Almaniyanın Rostok şəhər Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən gün Rostok şəhər dəmiryolu vağzalında polisin keçirdiyi reyd zamanı 19 əcnəbi saxlanılıb. Onlardan 9-u polisə etibarsız pasport təqdim edib. Dörd nəfərin isə ümumiyyətlə hər hansı bir pasport və şəxsiyyət vəsiqəsi olmadan səyahət etdiyi məlum olub. Beş nəfərin Şengen vizasının vaxtı ötmüş olub, bir nəfər isə, polisə heç bir kimlik məlumatının olmadığı kağız verib.
Polis idarəsindəki ilkin ifadələri zamanı onlar özləri və Almaniyaya gəlmələri ilə bağlı məlumat veriblər. Polis saxlanılan şəxslərin vətəndaşlıq mənsubiyyətini də öyrənib. Onlar Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olublar.
Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında “Almaniya Federal Yaşayış” qanununu pozduqlarına görə onların hər birini 2430 avro məbləğində cərimələyib.
Növbəti məhkəmə iclasında saxlanılan şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.
Almaniya Federal Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirilib ki, son aylar sərhədlərinin pozulması ilə ölkəyə daxil olmağa cəhd edən əcnəbilərin sayında artım qeydə alınıb. Federal polis sərhədlərdə nəzarəti gücləndirib. Eyni zamanda əhalinin sıx olduğu dəmiryolu vağzalları, avtobus terminalları və şəhər mərkəzlərində qanunsuz miqrasiyaya qarşı keçirilən reydlərə daha çox polis əməkdaşı cəlb olunub.