CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elcan Rəsulov: "Dedim ki, "bura tualetdir, pencəyi ver, yeri çıx get"

Abunə olmaq
Məsələ ondadır ki, teatrda olanlar bizə qeyri-ciddi baxır. Eyni filmdə rol aldığım aktyor həmkarım var. Ona teatrda deyirlər ki, sənət fədaisi deyilsən.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Tək-tük insanlar olur ki, onu görəndə müsbət enerji alırsan. İçi ilə çölü bir olan, səmimi aktyor Elcan Rəsulov da onlardan biridir. Səmimiyyəti Sputnik Azərbaycan-a verdiyi müsahibəsinə də yansıyıb. O, vaxtilə çalışdığı teatrı, çəkildiyi filmi tərk etməsinin səbəblərini açıqlayıb, həm də hazırkı fəaliyyətindən və gələcək planlarından danışıb.   

- Elcan, sizinlə tanışlığımız Lider TV-nin ad günü ilə bağlı hazırladığınız videoçarxların çəkilişi zamanı olub. Həmin dövrdə Bakı Estrada Teatrının tərkibində fəaliyyət göstərirdiniz. Həmin teatrın aqibəti necə oldu?

- Həmin teatr Bakı şəhər Mədəniyyət İdarəsinə tabe idi. Nazirliyin göstərişi ilə maliyyəni onlar ayırırdı. Sonra qərara aldılar ki, bu işi görmək artıqdır. Bakı Estrada teatrını və bir neçə bu tipli teatrı bağladılar. Daha doğrusu, maliyyəni dayandırdılar və bildirdilər ki, özü-özünü dolandıran bir qurum kimi fəaliyyət göstərə bilərsiniz. Bu da mümkünsüz idi. Biz daş, dəmir satmırıq. Dəfələrlə bir neçə nəfərə təklif olunub ki, "gəl götür işlət". Amma bu işlər belə olmur. Mənim maliyyəm olsa, elə teatr açıb adını Elcan teatrı qoyaram da. Ona görə də boş bir iş kimi qaldı.

© Sputnik / Murad OrujovAktyor Elcan Rəsulov
Elcan Rəsulov: Dedim ki, bura tualetdir, pencəyi ver, yeri çıx get - Sputnik Azərbaycan
Aktyor Elcan Rəsulov

- Amma sənin tanınmağında həmin teatrın rolu var idi.

- Ondan əvvəllər mən çox tanınmışdım. "Space", "ANS" kanalında tez-tez efirdə olurdum. 18 yaşım olanda 9 uşaq atası müfəttiş Qulamov obrazı ilə populyarlıq qazanmışdım. 3-4 il bu sahədən ayrı düşdüm. Avara həyatı sürdüm. Sağ olsun yaxşı polislər. Məni bu yoldan döndərdilər. Başım daşa dəyəndən sonra ayıldım.

- Tanınmağının növbəti mərhələsi ATV kanalında yayımlanan "Ər və arvad" serialı oldu. O serial da dayandı. Ard-arda sən və sonra da Kəmalə Piriyeva getdiyinizi açıqladınız. Yaranmış problemi reytinqlə əlaqələndirdilər. Bu doğru idi? 

- O serialın reytinqlə bağlı heç bir problemi yox idi. Efirdə çox sayda təkrar verməyə başladılar. Rejissorumuz Aqil M. Quliyev səbəb olaraq bildirdi ki, maliyyə çətinliklərimiz var. Çox pul qazana bilmədiyimiz üçün, çox çəkə bilmirik. Dəfələrlə xəbərdarlıq etmişdim ki, nə isə itirmək mənim üçün problem deyil. Ona görə serialı tərk etdim. Ardımca Kəmalə Piriyeva da eyni addımı atdı. Amma indi yenidən başlayır. Kəmalə ilə birlikdə rol almışıq. Bu dəfə başqa rejissorla. Daha kefiyyətli, daha sürətli, vaxtında işi çatdıran adamlar olacaq. Bu dəfə maliyyə problemi də olmayacaq.

- İndi kiçik videobloqlar çəkərək daha tez tanınmaq olur. Bu cür addım atmaq fikrin varmı?

- O mənim kefimdən asılıdır. İstəmirəm o sahədə olan adamların işinə girişim. Onlar da beş-üç manat pul qazanmalıdırlar. Tik-tokda özümə hesab açmışdım. Birinci videoda demişdim ki, istifadə qaydasını bilmirəm, xahiş edirəm, mənə öyrədin. 15 saniyəlik o videoya 200 min baxış oldu. Altına yazılan çoxsaylı kommentlərin 10-dan 8-də bildirilirdi ki, heç olmasa, bura gəlməyin, qoyun pulumuzu qazanaq, dolanaq. 15 yaşlı bir uşaq yazdı ki, mən burada kimisə reklam edirəm, 15 manat alıram. Sənin buna ehtiyacın var? Get işinlə məşğul ol. Ona görə bir az ayıb bilirəm. Arada müğənni Kəbirlə videolar hazırlayırdıq. Amma bu həvəskar şəkildə idi. Kefimdən asılıdır, mütəmadi işləsəm, çox qazanc əldə edərəm.

- Planda nələr var?

- Yeni filmə çəkilmişik. "Vağzalı" adlanan ekran əsəri bu günlərdə tamamlanıb. Baş rollarda İlkin Misgərli, Nicat Rəhimov, Nərgiz Əliyeva və mən çəkilmişik. Filmin rejissoru isə Şahin Qəhrəmandır.  Burada yenə də mənim toyum olacaq. Biz çəkilişlərdə o qədər gülmüşük. Əgər kinoteatrlarda bu filmə gülməsələr, deməli bizim yumor haqda fikrimiz başqadır. Yəqin ki, mart ayında tamaşaçılar onu izləyə biləcək.

- Teatra qayıtmaq istəyin varmı?

- İstək var. Məsələ ondadır ki, teatrda olanlar bizə qeyri-ciddi baxır. Eyni filmdə rol aldığım aktyor həmkarım var. Ona teatrda deyirlər ki, sənət fədaisi deyilsən, sən pula qaçırsan. O sözü mənə demək olmaz. Kimsə mənə bu fikri desə, ona sənətdən ustad dərsi keçərəm. Hansı teatrda hansı rolu ifa etməsindən asılı olmayaraq. Bir dəfə filmə çəkilirdik. Tərəf müqabilim teatr direktoru idi. Ayaqyolunda pencəyini çıxarıb mənə verməlidir. Rejissora dedi ki, sən heç bizə bu obrazın xarakteristikasını, məqsədini demədin. Ona dedim ki, "bura tualetdir, pencəyi ver, yeri çıx get". Dünyada indi başqa tendensiyadır. Bunlar öyrəşiblər 8 ay mətn, 4 ay məşq, boş-boş pul yeyintisi. Axırda da deyirlər prezident əməkdar, xalq artisti adı versin. Ömür boyu belə olub.

- Səncə potensialından yetəri qədər istifadə olunub?

- Özüm cırmaq-cırmaq, xahiş-minnətlə nəsə edirəm. Nələri ki, mən bacarıram, onların heç bir faizindən belə istifadə olunmayıb. Yaş da ötür. 40 keçəndən sonra yəqin ki, əməkdar artist adı veriləcək, daha sonra xalq. Olacam korifey, sonra öləcəm, istedad da beləcə batacaq.

© Sputnik / Murad OrujovAktyor Elcan Rəsulov
Elcan Rəsulov: Dedim ki, bura tualetdir, pencəyi ver, yeri çıx get - Sputnik Azərbaycan
Aktyor Elcan Rəsulov

- Bu il sənin üçün ən yaddaqalan nə oldu?

- "Stand up" konsertimizə Leyla Əliyevanın gəlişi, bir də ATV-də yayımlanan "Üçümüz" verilişi.

- Gözləntin nədir?

- Bu layihəmiz böyüyəcək. Nəzərdə tutmuşuq, bölgələri gəzək. Bir-iki mənasız film deyiblər, imkanım zəifləsə, görsəm ki, acından ölürəm, gedib çəkiləcəyəm.

Xəbər lenti
0