BAKI, 3 yanvar — Sputnik. İranlı general Qasım Süleymaninin məhvindən sonra ABŞ Prezidenti Donald Tramp yenidən vurğulayıb ki, İran heç vaxt müharibəni qazanmayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu gün Pentaqon İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi dəstəsinin rəisi general Qasım Süleymaniyə qarşı ABŞ-ın əməliyyat keçirdiyini təsdiqləyib. İranın İraqdakı səfiri İrac Məscidi bildirib ki, hadisə nəticəsində 12 nəfər ölüb. Onların arasında İraqın "əl-Həşd əş-Şəhabi" şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də olub.
"İran heç vaxt müharibəni udmayıb, amma heç vaxt danışıqlarda uduzmayıb", - deyə Tramp Twitter hesabında yazıb.
Oxşar məzmunlu tviti ABŞ lideri ötən ilin iyulunda da yazmışdı: "Sadəcə unutmayın ki, İran heç vaxt müharibələri udmayıb, buna rəğmən danışıqlarda heç zaman uduzmayıb". Həmin vaxt Tramp nəyi nəzərdə tutduğunu açıqlamamışdı.
Tramp öldürülən Süleymani barədə də söz deməyi unutmayıb: "General Qasım Süleymani uzun müddət ərzində minlərlə amerikalını öldürüb və ya yaralayıb. Hətta daha çoxunu öldürməyi planlaşdırıb. Amma ələ keçdi! O, milyonlarla insanın, o cümlədən İranın daxilində olanların da ölümündə birbaşa və ya dolayı yolla günahkar idi".
General Qassem Soleimani has killed or badly wounded thousands of Americans over an extended period of time, and was plotting to kill many more...but got caught! He was directly and indirectly responsible for the death of millions of people, including the recent large number....
— Donald J. Trump (@realDonaldTrump) January 3, 2020
"İran heç vaxt etiraf edə bilməsə də, ölkə daxilində Süleymanidən qorxur və ona nifrət edirdilər. (İran) liderləri nə qədər dünyanı əksinə əmin etməyə çalışsalar da, onlar heç azacıq da olsun kədərlənmirlər. Onu hələ illər əvvəl aradan götürmək lazım idi!" - Tramp əlavə edib.
"Qüds" xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü "beynəlxalq terrorizm aktı" adlandırıb.
İranın dini lideri ayətullah Əli Xamneyi də ABŞ-ı qisasla hədələyib.