CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möcüzə dağı və ya damcı ilə həyata keçən arzular...

© Sputnik / Irade JELILƏshabi-kəhf ziyarətgahı
Əshabi-kəhf ziyarətgahı  - Sputnik Azərbaycan
Abunə olmaq
Əshabi-Kəhf" ziyarətgahı bir neçə hissədən ibarət olsa da, "Damcıxana" ziyarətçilərin diqqətini daha çox çəkir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 yanvar — Sputnik. "Əshabi Kəhf" mağarası Azərbaycan əhalisinin müqəddəs saydığı ziyarətgahlardandır. Ziyarətgah Naxçıvanın Culfa rayonunda yerləşir.

Deyilənə görə, "Əshabi-Kəhf" adlı mağara dünyada 3 yerdə – Suriya, Türkiyə və Naxçıvanda mövcuddur. Ancaq Quranda "Əl-Kəhf" surəsində bəhs edilən mağaranın məhz Naxçıvanda olan mağara ilə eyni olduğu deyilir.

Ziyarətgahın adı ilə bağlı müxtəlif əfsanələr var. Ən məşhur əfsanəyə görə, əsrlər öncə Allahdan üz çevirib bütlərə sitayiş edən Dağ Yunus adlı bir şah olub. Şah onun dininə səcdə etməyənlərə divan tutur, hamını bütpərəst olmağa məcbur edirmiş. Həddən artıq qaniçən, qəddar olan şahın əyanları da onun bu əməllərindən cana doyubmuş. Bir gün şahın vəzir-vəkili qərara verir ki, ölkədən qaçıb, canlarını qurtarsınlar. Beləcə yola çıxırlar. Dağ Yunus vəzir-vəkilinin əməlindən xəbər tutub, onların arxasında qoşun göndərir. Qəddar şahın zülmündən xilas olmağa çalışan əyanlar mağaraya girib, gizlənirlər. Uzaqdan atların səsi eşidildikcə, onları qorxu və həyəcan bürüyür, əl açıb Allaha yalvarırlar. Bundan sonra mağaradakılar dərin yuxuya gedir. Mağaranın ağzına isə hörümçək tor atır.

Dağ Yunusun adamları qaçan şəxsləri tapa bilməyib gedir qayıdır. Mağaradakılar yuxudan oyananda ac və susuz olduqları üçün belə qərara gəlirlər ki, onlardan biri ərzaq və su gətirməyə getsin.

© Sputnik / Irade JELILZiyarətgaha gedən bütün yol boyu ağaclar əkilib.
Möcüzə dağı və ya damcı ilə həyata keçən arzular... - Sputnik Azərbaycan
Ziyarətgaha gedən bütün yol boyu ağaclar əkilib.

Beləcə əyanlardan biri yola düşür. Bazara girib ərzaq alır, pul vermək istəyəndə onun verdiyi pulu qəbul etmirlər. Deyirlər ki, köhnədir. Əyan dözməyib deyir: "Siz Dağ Yunusun pulunu qəbul etmirsiniz?"

Satıcılar deyir ki, Dağ Yunus 309 il əvvəl olub. Bazara gedən şəxs kor-peşman geri qayıdıb, başına gələnləri yanındakılara danışır. Qərara verirlər ki, aradan 309 il keçib, onların yaxınları da dünyada qalmayıb. Allaha yalvarırlar ki, onlar yenidən dərin yuxuya aparsın. Beləcə onlar mağarada qeyb olurlar.

Naxçıvana gəlib "Əshabi-Kəhf"-I ziyarət etməmək günah olar deyib ziyarətgaha üz tuturuq.

Ziyarətgah Naxçıvan şəhərində 12 kilometr uzaqlıqda yerləşir. Ziyarətgaha gedən bütün yol boyu ağaclar əkilib. Deyilənə görə, əvvəllər burada ağaclar və yaşıllıq olmayıb. Sonradan Heydər Əliyevin göstərişi ilə su anbarı tikilib, əraziyə su verilməyə başlanıb, yaşıllıqlar salınıb.

© Sputnik / Irade JELIL Mağaraya qalxmaq üçün pilləkənlər salınıb
Möcüzə dağı və ya damcı ilə həyata keçən arzular... - Sputnik Azərbaycan
Mağaraya qalxmaq üçün pilləkənlər salınıb

Ziyarətgahın ətrafı da təmir edilib. Mağaraya qalxmaq üçün pilləkənlər salınıb. İçəridə ziyarətə gələnlərin rahatlığını təmin etmək üçün oturacaqlar qoyulub.

"Əshabi-Kəhf" ziyarətgahı bir neçə hissədən ibarət olsa da, "Damcıxana" ziyarətçilərin diqqətini daha çox çəkir.

Burada yay-qış, havanın yağıntılı olub-olmamasından asılı olmayaraq su damcıları tökülür. Damcıları görmək mümkün olmasa da, səsini eşitmək olur. Ziyarətgaha gələnlər belə hesab edir ki, əgər damcı kiminsə başına, çiyninə düşsə, arzusu yerinə yetər.

Sonra pilləkənlərlə aşağı enib, mağaranın "qaradaş" olan hissəsinə keçirik. Burada hər tərəf qaya olduğu üçün səs əks-səda verir. Bir az yüksək səslə dua edəndə, əks-səda nəticəsində öz səsini özün eşidirsən. Yaxud da səsin ağlayan insanların hıçqırtılarına bənzəyir. Ziyarətgahın bu hissəsi tamam fərqlidir. Öz səsin özünə qayıtdığı üçün sənə elə gəlir ki, tək deyilsən, kiminləsə danışırsan.

© Sputnik / Irade JELIL
Əshabi-kəhf ziyarətgahı  - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Əshabi-kəhf ziyarətgahı  - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Əshabi-kəhf ziyarətgahı  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Ziyarətgahda daha maraqlı bir yer isə qayaların arasıdır. Burada kiçik bir keçid var. Pirin ziyarətçiləri deyir ki, arzu tutub buradan keçə bilən insanların arzusu yerinə yetir. Arzusu həyata keçməyəcək şəxsləri isə daş sıxır, keçməyə qoymur.

Qeyd edək ki, Naxçıvandakı "Əshabi-Kəhf" yetərincə araşdırılmayıb. Ziyarətgah 1998-cu ildə ölkə prezidenti Heydər Əliyevin tapşırığı ilə bərpa edilərək, abadlaşdırılıb. Ziyarətgah yenidən qurulub, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb.

Amma onu da bildirək ki, buradakı inanclar nə İslam dininə, nə də başqa heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir.

Xəbər lenti
0