BAKI, 2 yanvar – Sputnik. Daha çox Ruslana Gee kimi tanınan azərbaycanlı model məşhur Amerika brendinin alt paltarı reklamında çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, Cavadovanın iştirakı ilə çəkilən video modelin “Instagram” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Model layihədə amerikalı həmkarı Fiona Barron ilə bir yerdə iştirak edib. Qızlar brendin yeni kolleksiyasından olan ağ və qara rəngli alt paltarında çəkiliblər.
Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan "L'Officiel Awards"-un illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı moda blogeri" - mükafatlarına layiq görülüb.
Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los-Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin blogerlik fəaliyyətini davam etdirir.