Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 2 yanvar — Sputnik. Nə qədər qəribə olsa da, geniş tamaşaçı kütləsi onu daha çox lotereya verilişindən tanıyır. Çünki hər həftə yüz minlərlə insan televiziya ekranı qarşısında əyləşərək, onun apardığı mərc oyununda qalib gələcəyi anı həyəcanla izləyir. Amma özünün də zarafatla dediyi ki, çoxları ona “heç verilişində bir dəfə də udmadım” deyə bildirir.
Növbəti müsahibimiz Azərbaycan Respublikasının Əməkdar artisti və Gənc Tamaşaçılar Teatrının sevilən aktyoru Elnur Kərimovdur. Daha çox televiziya aparıcısı kimi tanısa da, evsiz aktyor üçün ümid yeri və yaradıcılığının parladığı məkan məhz teatrdır. Teatr Xadimləri ittifaqından ayrılmasına aydınlıq gətirməsi, teatr, kino, ümumiyyətlə mədəniyyət sahəsində olan yeniliklər və problemlər haqqında söhbət etmək üçün istedadlı aktyorumuzu Sputnik Azərbaycan-ın redaksiyasına dəvət etdik.
- Elnur bəy, fəaliyyətinizin böyük hissəsi teatrla bağlıdır. Hazırda işləriniz necədir?
- Hesabat xarakterli məlumat verim ki, bu il mənim üçün uğurlu keçdi. İki tamaşaya quruluş verildi. Birincisi, tatar yazıçısı İlgiz Zeyniyevin "Varislər" əsəri Bəhram Osmanovun quruluşunda səhnələşdirildi. Mən də orada Bəyazid obrazını canlandırdım. Çox maraqlı mesajlarla zəngin olan tamaşa idi. Digər tamaşa isə Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar olaraq Vaqif Əsədovun hazırladığı "Oqtay Eloğlu" pyesi idi. Müasir bir tamaşadır. Rejissor maraqlı yanaşma tərzi qoymuşdu. İki heyət olduğu üçün iki dəfə premyera oldu. Mövsüm ərzində iki tamaşada rol almaq aktyor üçün uğurdur.
- Teatrdan söz düşmüşkən, televiziya və kino sahəsində olan adamlar teatra nisbətən tənqidə daha dözümlü olurlar. Bunun səbəbi nədir?
- Hər zaman çıxışlarımda bildirmişəm ki, aktyorun ən böyük silahı tənqidə doğru yanaşmaqdır. Yəni aktyor tənqid olunmursa, demək o uçuruma gedir. Təbii ki, tənqid sağlam və teatrdan anlayışı olan şəxs tərəfindən olmalıdır. Aktyor məhz bu cür püxtələşə bilir. Rusiyada tamaşa bitən kimi teatr tənqidçiləri, mədəniyyət yazarları ilə debat keçirilir, təhlil olunur. Bir zamanlar üzv olduğum Teatr Xadimləri İttifaqına da bunu təklif etmişdim.
- Sualı başqa cür qoyum. Nəyə görə teatr adını çəkdiyim sahələrdən daha çox tənqid olunur?
- Çünki teatra, kim nə istəyir deyə bilər kimi, şou-biznesin bir qolu kimi baxırlar. Teatra Azərbaycan mədəniyyətinin mühüm bir qolu kimi baxılsa, ona dəyər verilsə, inanmıram ki, kimsə bu cür münasibət göstərər. Teatra o qədər aşağı gözlə baxırlar ki... Anlayışı olmayan jurnalistlər “rahat şəkildə teatr mövzusunu işləyə bilərəm” deyə münasibət göstərirlər. Bu məni çox narahat edir. Verilən sualların özü belə gülməli gəlir. Teatrla ciddi məşğul olmaq istəyənlərə məsləhət görərdim ki, Mahmud Allahverdiyevin, müasir yazarlarımızdan isə İlham Rəhimlinin kitablarına müraciət etsinlər. O cümlədən Aydın Talıbzadə, Cəfər Cəfərovun kitablarından bəhrələnə bilərlər. Düzdür, Rusiya ilə müqayisədə bizim teatr 200 il geri qalır. Nümunə gətirəndə onlara müraciət edirik, əmələ gələndə isə əksinə. Bu cür danışanda da deyirlər Elnur kobuddur, acıdildir.
- Azərbaycan Teatr Xadimləri İttifaqı ilə aranızda problem yaranmışdı.
- Bu məsələ ilə bağlı geniş danışacağam. Çünki buna ehtiyac duyuram. Bu ilin fevralın 2-si idi. Hər gün olduğu kimi səhər televiziyalarda gedən verilişləri nəzərdən keçirdim. Kanalların birində bütün sahələrdən olan gənclər toplaşmışdı. Maraqlı idi ki, teatrdan bir nəfər də olsun gənc orada iştirak etmirdi. Bu mənə çox toxundu. Səbəb nə idi? Teatr özü özünü təqdim edə bilmir? Teatr Xadimləri İttifaqı bu yöndə fəaliyyət göstərə bilmir? Bütün teatrlara müraciət etdim, soruşdum ki, 2 fevral gənclər günü münasibəti ilə sizi təbrik ediblərmi? Yaxud da teatrda elanlar bölməsinə təbrik yazılıbmı? Cavab xeyr oldu. Bununla bağlı Teatr Xadimlər İttifaqı ilə də əlaqə saxladım. Sorğum bu istiqamətdə geniş müzakirəyə səbəb oldu. Oranın katibi ilə görüşə dəvət aldım. Görüşümüz çox kobud məcrada keçdi. Səbirlə onu dinlədim. Daha sonra bildirdim ki, niyə gənclər təbrik olunmur. Hətta bir neçə layihənin təklifini verdim: Mono tamaşalar festivalı, teatr kollektivlərinin paradı, teatr yarmarkalarının təşkili, aktyorlarla görüşlərin keçirilməsi, teatr jurnalının dərc olunması və s. Daha sonra onlara söylədim ki, nəyə görə tədbirlərə ancaq seçilmiş insanları dəvət edirsiniz? Məgər Teatr Xadimlər İttifaqı yalnız seçilmiş insanlardan ibarətdir?
- Sonuncu konfransa buraxılmadınız.
- Hər bir teatrda ittifaqın nümayəndəsi var. Həmin şəxsə, yəni truppa müdirimiz Ələsgər Muradxanlıya müraciət etdim. O da "gələ bilərəmmi" sualıma bəli cavab vermişdi. Konfrans günü digər teatrlarda aktyor kimi çalışan şəxslərin qapıçı qismində məni içəri buraxmaması mənə pis təsir etdi. Yaradıcı adamlarla belə ünsiyyət, belə münasibət mənim heç xoşuma gəlmədi. Həmin şəxsləri dost və yaradıcı insan siyahımdan çıxartdım. Orada qapıçı kimi dayananlardan biri olan Dağlar Yusifə dedim ki, get rəsmilərinə gəldiyimi söylə. O, yuxarı qalxdı, sonra qayıtdı və söylədi ki, Elnur Kərimov ümumiyyətlə buraxılmır. Bir daha söyləmək istəyirəm ki, mən dəvət olunmayan yerə heç vaxt getmərəm. Buna nüfuzum imkan verməz.
- Teatrda islahatlar davam edirmi?
- Bəli. Teatrımızda baş verən hay-küylər, söz-söhbətlərin savadsız jurnalistlər tərəfindən yazılması insanları teatrdan qaçırdır. Tamaşaçı da fikirləşir ki, bunlar bir-birini qırırsa, bunların hansı tamaşasına gedib baxacağam. Aktyorlar da çalışmalıdırlar hər söhbəti jurnalistlərə deməsinlər. Elə şeylər var ki, teatrın içində qalmalıdır. Jurnalistin vasitəsi ilə çatdırılmamalıdır. Bizim məşğul olduğumuz sənətin böyük tarixi olduğu kimi gələcəyi də var.
- Elnur bəy sizi həm tamaşalardan, həm televiziyadan yetəri qədər tanıyırlar. Amma kinoda bəxtiniz bir az gətirməyib.
- Niyə ki. Kinoda bəxtim gətirib. Bu sahədə olanlar Akif Rüstəmovu yaxşı tanıyır. "Azərbaycanfilm"də çəkilən bir çox filmlərin ikinci rejissordur. Məni kurs tamaşasından izləyib. Daha sonralar teatra gəlib oynadığım tamaşalara baxıb. Məni 2004-cü ildə lentə alınmış "Küçələrə su səpmişəm" filminə dəvət etdi. Orada obrazım Rasim Balayevin canlandırdığı Bəhmən rolunun gənclik dövrüdür. Bu mənim kinoda debütüm oldu. Mənim obrazımı parlaq edən digər obrazı həmkarım Amid Qasımov idi. Bundan başqa, Elxan Cəfərovun "Əlavə təsir" filmində, İlqar Nəcəfin "Buta" filmində, daha sonra İran və Azərbaycanın müştərək "Tərsinə çevrilən dünya" ekran əsərində, Oqtay Mirqasımın "Günaydın mələyim", Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmində çəkilmişəm.
- 2020-ci ildə nələri gözləyirsiniz, nə arzulayırsınız?
- Bu il özümə ev arzulayıram. Bu, mənim yaradıcılığıma mənfi təsir göstərən başlıca amildir. 11 ildir kirayədə qalıram. Bu problemin öhdəsindən gəlməyə fiziki gücüm çatmır artıq. 2019-cu ildə ölkə rəhbəri ilə görüşdən sonra teatrda böyük çevriliş gözləyirəm. Artıq bunun şahidi də oluruq. Maaşlar artdı. Status verildi. Gənc Tamaşaçılar teatrına da statusun verilməyini çox arzulayıram. Çünki layiqdir. Azərbaycan teatrını dünyada ən yüksək səviyyədə təmsil edirik. Yeni tamaşalar gözləyirəm. Gənclərlə bağlı həm teatrdan, həm də Teatr Xadimləri İttifaqından yeni layihələrin olacağına ümid edirəm. Çox arzulayıram ki, 2020-ci ildə heç bir sənət adamını itirməyək. Hamıya sosial rifah arzulayıram.