BAKI, 31 dekabr — Sputnik. Sputnik Estoniya-nın əməkdaşları cinayət məsuliyyəti təqibi təhdidlərinə görə 2020-ci il yanvarın 1-dən etibarən redaksiya ilə əmək münasibətlərini kəsmək məcburiyyətində qalıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rossiya Seqodnya" BİA-nın mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir.
"Estoniya hökuməti tərəfindən 5 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan maddə ilə cinayət təqibi təhdidinə görə Sputnik Estoniya-nın əməkdaşları 2020-ci il yanvarın 1-dən redaksiya ilə əmək münasibətlərini kəsməyə məcbur olublar. Sputnik Estoniya və "Rossiya Seqodnya" BİA bu qərarlarında öz əməkdaşlarını dəstəkləyirlər", - məlumatda bildirilir.
"İnsanların azadlığı ilə risk etməyi düzgün hesab etmirik. Estoniya rejiminin öz ölkəsinin vətəndaşlarına qarşı hərəkətlərini açıq-aşkar qısnama, hüquqi başıpozuqluq, totalitarizmin təcəssümü və Avropa Birliyində analoqu olmayan söz azadlığı prinsiplərinin kobudca pozulması hesab edirik. Jurnalistlərin yeganə "günahı" Rusiya KİV-də işləmələridir", - bəyanatda deyilir.
ATƏT nümayəndəsi Arlem Dezir, mətbuat xidmətinin məlumatına görə, artıq bildirib ki, Aİ-nin Dmitri Kiselyova qarşı fərdi sanksiyalarının bütün agentliyə və jurnalistlərə şamil edilməsi - mətbuat azadlığı üçün böyük problemdir.
"Biz Sputnik-in əməkdaşlarının Estoniya güc strukturlarının cinayət təqibindən çəkinməyərək işləmələri üçün bütün lazımi hüquqi və digər tədbirləri görəcəyik", - məlumatda deyilir.
Mətbuat xidmətindən əlavə ediblər ki, redaksiyanın işi dayandırılsa da, gələcəkdə Sputnik Estoniya-nın saytı işini davam etdirəcək. Onu tam həcmdə bərpa etmək üçün vaxt lazım olacaq.
"Bütün beynəlxalq və Avropa təşkilatlarını Estoniya hökumətinin hərəkətlərinə qarşı öz mövqelərini bildirməyə çağırırıq. Xüsusən BMT, Aİ, ATƏT, Avropa Parlamenti və "Sərhədsiz reportyorlar"a müraciət edirik. Jurnalist ictimaiyyəti, ictimai xadimlər, siyasətçilər və beynəlxalq təşkilatlara həmkarlarımızı dəstəklədiklərinə görə minnətdarlığımızı bildiririk. Hazırda mənəvi dəstək çox vacibdir və gələcəkdə də lazım olacaq", - məlumatda qeyd olunub.