Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 31 dekabr — Sputnik. Azərbaycan dilini öyrənmək çətindir. Bizim qadınlar da, kişilər də yaraşıqlıdırlar. Meyvə-tərəvəzin dadına söz ola bilməz. Amma suya bir əlac qılmaq lazımdır. Tıxaclarımıza göz yummaq mümkündür, ancaq Bakının küləyi öyrəşə bilməyən adamı qaçaq salar.
Bütün bunları əcnəbilərin dilindən eşitmək çox maraqlıdır. Bəzən qonağı olduğun evin sahibinin hal-xasiyyətini anlamağa çalışanda özümüz haqda (öyrəşdiyimiz üçün) bizə qəribə gələn xüsusiyyətləri öyrənirik. Beləcə, bu dəfə Azərbaycanı torpağını iki okeanın sularının yuduğu, fərqli təbiəti, maraqlı adət-ənənələri olan İndoneziya vətəndaşları ilə kəşf edəcək, onların da məişətinə nəzər salacağıq.
Sputnik Azərbaycan-ın qonağı olduğu Hadiman ailəsi artıq beş ildir ki, Azərbaycanda yaşayır. Dörd nəfərdən ibarət ailənin başçısı Farid Hadiman işi ilə əlaqədar olaraq ailəsi ilə birgə buraya köç edib. O, yerli neft şirkətlərindən birində işləyir. Həyat yoldaşı Tesa Kontesa ixtisasca diş həkimidir.
Tesa xanım deyir ki, Azərbaycan müsəlman ölkəsi olduğu üçün buranı çox bəyəniblər: "Müsəlman olduğumuz üçün mağazaya daxil olduqda halal məhsullar axtarırıq. Öncələr yoldaşımın işi ilə əlaqədar Danimarkada yaşayırdıq. Orada halal qida tapmaq müşkül bir iş idi. Lakin Azərbaycanda istədiyimiz halal qidanı tapa bilirik".
Xanım həmsöhbətimiz deyir ki, biz azərbaycanlılar çox cəlbediciyik: “Azərbaycanlı qadınlar gözəl olduğu kimi kişilər də çox yaraşıqlıdırlar. Mənim üçün Azərbaycanın əsas özəlliyi isə burada ilin hər fəslini duymaqdır. Ətraf da çox gözəldir. Azərbaycanın qədim adət-ənənələrə bağlı olması, burada qədimi tarixi abidələrin göz bəbəyi kimi qorunub saxlanılması, onlara toxunmaq insana başqa bir həyəcan yaşadır. Bir sözlə, burada yaşadığımız üçün çox məmnunuq”.
Hazırda əcnəbilər üçün fəaliyyət göstərən məktəblərin birində könüllü olaraq işlədiyini deyən həmsöhbətimiz burada İndoneziyadan olan uşaqlarla çalışır: “Bahasa bizim ana dilimizdir. Bu səbəbdən də mən könüllü olaraq indoneziyalı uşaqlara öz ana dilimizi tədris edirəm. Hazırladığım şagirdlərin çoxu Malayziya və İndoneziyadandır. Çalışıram ki, uşaqlarımız ana dilimizi unutmasınlar, bu dildə çətinlik çəkmədən, utanmadan rahat və qüsursuz danışa bilsinlər. Çünki hər kəs öz kimliyini anlamaq üçün öncə ana dilini mükəmməl bilməlidir”.
Gündəmi zəbt etmiş alman turist: "Bakı məndə çox böyük təəssürat yaratdı">>
“Bundan başqa, mən Qadınların Beynəlxalq Klubunda üzv olaraq aktiv fəaliyyətimi davam etdirirəm. Bu klubun yalnız 5 faizi azərbaycanlı qadınlardan ibarətdir. Əsas fəaliyyətimiz isə xeyriyyə tədbirlərinə yönəlib. Biz yığılan vəsaitləri uşaq və qocalar evinə veririk”, - deyə o əlavə edib.
Ailə 5 ildən artıqdır ki, Azərbaycanda yaşasa da, dilimizi öyrənməyin çox çətin olduğunu deyir. Farid Hadiman söhbətə müdaxilə edir: "Hətta ingilis dili də sadə bir dildir. Sizin dilinizdə isə çətin səslənən hərflər var: Ğ, X. Onları tələffüz etmək mənim üçün çox çətindir. Hətta biz Azərbaycan dilini öyrənmək üçün kursa da getdik, yenə də buna nail ola bilmədik. Hə, bir də Azərbaycan dilində hər bir söz cəmlənə bilir. “Xanim-xanimlər”, “Qərridəş-qərridəşlər” ("xanım" və "qardaş" sözlərini onlar bu cür tələffüz edə bilirlər - red.). Bunu deyə bilmək, öyrənmək çox çətindir".
Onlar burada yaşadıqları müddətdə əsasən gündəlik ünsiyyətdə lazım olan, daha çox işlədilən sözləri öyrənə biliblər: “Sabahın xeyir, necəsən, yaxşı, neçəyədir, endirim varmı, axır qiymət, təşəkkür, çox sağ ol, çox gözəl - bu sözləri bilirik. Bundan başqa, yumurta, toyuq və bəzi qida məhsullarının, meyvə-tərəvəzlərin də adlarını bilirik”.
Ailənin Azərbaycanda qazandığı dostları da az deyil. Bu dostlar arasında azərbaycanlılar da var: “Ümumiyyətlə, Asiya xalqları ilə dostluğumuz, münasibətimiz çox yaxşı alınır. Biz bir-birimizi rahatlıqla başa düşə bilirik. Malayziyalılar da bizim yaxın dostlarımızdır”.
Digər əcnəbilər kimi onlar da Azərbaycan arxitekturasını çox bəyənirlər. Farid Hadiman deyir ki, ölkəmizdə modernliklə klassikanın qovuşması çox gözəl alınıb: "Buradakı mədəniyyət digər Asiya xalqlarınınkı ilə eynilik təşkil edir. Düşünürəm ki, Azərbaycan mədəniyyətində Türkiyə və Rusiyanın da təsirləri duyulur. Bir sözlə, sizin mədəniyyətiniz, incəsənətiniz çox zəngindir".
"Qafqaz sıra dağları da təbiətinizə bir başqa rəng qatır. Şəki, Lənkəran, Gəncə də çox valehedicidir. Bu bölgələrin mətbəxi də çox zəngindir. Şəki, Gəncə mənim yaddaşımda əvəzolunmaz xatirələr qoydu. Ümumiyyətlə, bölgələriniz özü də ayrılıqda çox zəngindir", - deyə həmsöhbətimiz əlavə edib.
Bizim kimi düyünü çox sevən İndoneziya ailəsi Azərbaycan plovu və pürrəngi çayını çox bəyənir.
Ölkəmizə təzə gələndə Novruz bayramı haqda eşitdikdə çox təəccübləniblər: "Bunadək belə bir bayram eşitməmişdik. Əslində isə çox maraqlı və qeyri-adi adət-ənənələrlə bol bir bayramdır. Bu bayramı evimizdə qeyd etməsək də, artıq 5 ildir ki, Novruz xonçaları qurur, çərşənbə axşamlarında azərbaycanlı dost-tanışlarımızın evinə pay aparırıq. Bu bayramla bağlı bəzi adət-ənənələri öyrənmişəm".
Lakin Novruz bayramının papaq atmaq kimi adət-ənənəsinin olmasından xəbərsizdirlər. Əlbəttə, bu da yəqin ki, son illərdə bu adətimizin unudulması ilə bağlıdır.
Söhbətə davam edən Tesa xanım bizə Novruzla bağlı təəssüratlarından danışır: "Bu bayramda süfrəyə s ilə başlayan müxtəlif naz-nemətlər düzülür. Paxlava, şəkərbura, qoğal bişirilir, insanlar tonqalların üzərindən tullanaraq ağırlıqlarını oraya atırlar. Novruz bayramında xanımlar və bəylərin milli geyimləri də bizimki kimi çox gözəldir".
Geyimlərdən danışmışkən, öz adət-ənənələrinə sadiq qalan, bunu təbliğ edən qonaqpərvər ailə bizi də özlərinin batik adlanan milli geyimlərində qarşıladı. Onlarla batik haqda danışanda isə məlum oldu ki, sən demə, bu geyim növünün hazırlanması bizim kələğayının hazırlanması qədər çətin və uzun sürən bir proses imiş: "Buradakı naxışlar sanki sizin butanızı xatırladır. Bəzən belə bir geyimin hazırlanması min və daha artıq gün tələb edə bilər. Əlbəttə, geyimin hazırlanmasına daha çox günün sərf olunması daha keyfiyyətli bir işin ortaya çıxması deməkdir".
Söhbət əsnasında onların xüsusi ballı-südlü çayından da içdik. Amma bu çay bizimkindən fərqli olaraq tünd deyil, südlü kakaonu daha çox xatırladırdı, təbii ki, tərkibində bal olmasaydı.
Evin xanımı deyir ki, İndoneziya balı Azərbaycanınkı ilə müqayisədə daha şirindir. "Bəs bizim milli xörəklərimizdən bişirə bilirsinizmi?" sualımıza cavab olaraq Tesa xanım bunu bacarmadığını deyir: “Evdə yalnız özümüzün milli mətbəx nümunələrimizdən hazırlayıram. Bizim xörəklər daha çox ədviyyat tələb edir. Amma təəssüf ki, burada marketlərdə bizim yerli ədviyyatları tapmaq mümkünsüzdür, tapdığımız ədviyyatların qiyməti isə çox yüksəkdir. Buna görə də mən evimizin bir küncündə əkinçiliklə məşğul olub yerli ədviyyatları əkib-becərirəm. Burada əkdiyim ədviyyatlardan biri də çilidir. Əslində, belə bitkilərin sizin torpağınızda yetişməsi məni çox təəccübləndirib. Demək ki, torpağınız həqiqətən də çox zəngindir. Etiraf edim ki, sizin bəzi bitki-tərəvəzləriniz, eləcə də pomidor və xiyar bizimkindən çox dadlıdır. Eləcə də xurma, xırnik, moruq, qarağat, albalının adını çəkə bilərəm".
Süfrəyə qızardılmış toyuq, vermişel, nasi kuning (sarı düyüdən və bol ədviyyatdan ibarət xörək), iga şorbası (ədviyyatlı mal əti şorbası) və onların ət topu adlandırdıqları, görkəmcə isə bizim küftəyə daha çox bənzəyən xörəklər düzülmüşdü. Tesa xanım yeməklərin bu qədər ədviyyatlı, duzlu olmasının səbəbini isə belə izah edir: "Azərbaycanlılar şəkəri, biz isə duzu daha çox sevirik. Elə bu səbəbdən xörəklərimizdə duz və digər ədviyyatlardan daha çox istifadə edirik".
Onlar düyü və vermişeli gündəlik olaraq yeyirlər. Xörəkləri daha çox mal ətindən hazırladıqlarını deyən Tesa xanım bizim suyun tamından şikayətlidir: "İndoneziyada su sodasızdır, amma burada su sodalıdır. Biz isə sodalı suyu sevmirik".
Onlar Bakıda tıxacın çoxluğu və hava şəraitinin küləkli olmasından şikayətçidirlər.
“Sizin külək çox sərtdir. Biz buna öyrəşmədiyimiz üçün belə küləkli havada çölə çıxmaq da bizim üçün bəzən çətin olur",- deyə Tesa xanım əlavə edir.
O deyir ki, İndoneziyada da tıxac olduğu üçün Bakıda olan tıxaclar onlar üçün heç də qeyri-adi deyil: "Amma etiraf edim ki, Bakıda maşın idarə etmək çətin olduğu üçün biz adətən ailə sürücümüzlə harayasa gedirik. Mən isə sərnişin kimi maşına əyləşəndə sadəcə olaraq düşünürəm ki, görəsən, sürücü olsam, mən nə edərdim".
Bundan başqa, müxtəlif yerlərdə, xüsusən də iri ticarət mərkəzlərində namaz otaqlarının olmaması onları narahat edir.
Söhbətləri dinlədik, təamları daddıq, növbə çatdı ruhun qidasına. İndoneziyalıların “angklung” adlandırdıqları alətdə gözəl bir ifa dinlədik. Bu musiqi aləti bambukdan hazırlanır: “Bizim 14 mindən artıq adamız var. Bu musiqi aləti isə mənim adamda, Caffada yaranıb”.
Həmsöhbətimizin sözlərinə görə, bu musiqi alətində ifa etmək elə də asan deyil: “Əgər düzgün ifa etməyi bacarmasanız, o zaman tamamilə fərqli səslər eşidəcəksiniz". Alətin qiyməti təxminən 200 dollar civarındadır.
Qeyd edək ki, ailə Azərbaycana köçərkən ilk övladları iki yaşında olub. Tesa xanımın digər övladına hamiləlik dövrü də Azərbaycanda keçib. Xoşbəxt mühitdə iki övlad yetişdirən ailənin Azərbaycanda nə qədər qalacağı bəlli deyil. Amma buranı tərk edəndə çox kədərlənəcəkləri bəllidir, çünki ölkəmizdən çox məmnundurlar.