Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 30 dekabr — Sputnik. Britaniyanın Azərbaycan əsilli dünyaca məşhur musiqiçisi Sami Yusuf "Azərbaycan" kompozisiyasını təqdim edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müğənninin Azərbaycan xalqına hədiyyəsidir.
Bu mahnını Sami Yusuf ilk dəfə Bakıda, UNESCO-nun Dünya Mədəni İrs Komitəsinin 43-cü sessiyasının təntənəli açılış mərasimində orkestr, xor, Əməkdar artist Sevda Ələkbərzadə, vokalçılar Təyyar Bayramov və Samirə Əliyevanın müşayiəti ilə səsləndirmişdi. Kompozisiyanın musiqisi Sami Yusufa, sözləri isə Aytən İsmixanovaya məxsusdur.
"2019-cu ildəki son sinqlım - "Azərbaycan" mənim azərbaycanlı qardaş və bacılarım üçündür, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib. O, "Azerbaijan: A Timeless Presence" albomuna daxil edilib. Burada Azərbaycan tarixini əks etdirən müasir musiqi elementləri ilə sintez edilmiş ənənəvi vokal və musiqi alətlərindən istifadə olunub", - S.Yusuf qeyd edib.
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Sami Yusuf UNESCO-nun Dünya Mədəni İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil olunması və keçirilməsində aktiv iştirakına görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib.