BAKI, 30 dekabr — Sputnik. Populyar türk müğənni İrəm Dərici Bakıda "Elektra Events Hall"-da solo konsert proqramı ilə çıxış edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni tamaşaçılar qarşısında Azərbaycandan özünə ər tapmaq və sonra Bakıya köçmək niyyətində olduğunu etiraf edib.
İrəm Dərici konsertdə özünün ən məşhur mahnılarını ifa edib. Onun konsert üçün makiyajını dünya şöhrətli azərbaycanlı stilist Anar Ağakişiyev edib.
Müğənni səhnədə çıxışı zamanı dəfələrlə tamaşaçılara bildirib ki, Bakıya təkcə onların qarşısında çıxış etmək üçün deyil, həm də ər tapmaq üçün gəlib.
"Sizin ölkədə çox alicənab kişilər yaşayır. Mən artıq türk kişilərdən bezmişəm və azərbaycanlıya ərə getmək istəyirəm. Mənim üçün əsas öz fikrimdir, valideynlərimin seçimi deyil. Sevdiyim insanın xatirinə Bakıya da köçə bilərəm. Ən əsası o, ağıllı və intellektual olsun", - deyə Dərici etiraf edib.
İrəm Dərici Türkiyədə 2000-ci ildə "Zorun Ne Sevgilim", "Kalbimin Tek Sahibine" və "Dantel" hitləri sayəsində məşhurlaşıb. "Kalbimin Tek Sahibine" mahnısı 240 milyonadək izləyici toplayıb. Son dövrlərdə Mustafa Ceceli ilə oxuduğu "Kiymetlim" dueti ilə gündəmə gəlib.