Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 30 dekabr — Sputnik. Gələn ildən Azərbaycanda qeydiyyatda olduğu evi satanlar üçün vergi yükü azaldılır. Bu məsələ dövlət başçısının 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetri istisnasız olaraq vergidən azad edilir.
Sözügedən dəyişikliyi İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-a şərh edib.
Ekspert bildirib ki, Azərbaycan vətəndaşı mənzilini satarkən ən azı 5 il ərzində həmin yaşayış yeri üzrə qeydiyyatdadırsa, satış zamanı vergi ödəmir: "Amma şəxs 5 ildən az yaşayış yeri üzrə qeydiyyatdadırsa, həmin mənzili satan zaman sadələşdirilmiş vergi ödəyir. Bu zaman mənzilin ümumi sahəsi 15 manata və zona əmsalına vurulmaqla sadələşdirilmiş vergi hesablanır. Burada 15 manat baza məbləğidir. Zona əmsalı da Bakının rayonları üzrə fərqlidir. Məsələn, Bakı üzrə ən böyük zona əmsalı 4-dür (Səbail rayonu). Yasamal rayonunda zona əmsalı 1,8-dir".
MTK-ların pul tələsi - "Protokoldan çıxarış"ı pulla satırlar>>
O qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, gələn ildən fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilir:
"Artıq azı 3 il ərzində mənzilində qeydiyyatda olanlar onu satan zaman vergi ödəməyəcəklər. Amma qeydiyyat müddəti 3 ildən azdırsa, mənzili satarkən sadələşdirilmiş vergi ödəyəcəklər. Bu qaydalar şirkətlərə, müəssisələrə aid deyil".
Ekspert bildirib ki, bundan başqa, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetri istisnasız olaraq vergidən azad ediləcək: "Hazırda mənzilin ümumi sahəsi 15 manata və zona əmsalına vurulmaqla sadələşdirilmiş vergi hesablanır. Amma gələn ilin yanvarın 1-dən satılan mənzilin sahəsindən 30 kvadratmetr çıxılacaq, mənzilin qalan sahəsi 15 manata və zona əmsalına vurulmaqla sadələşdirilmiş vergi hesablanacaq. Yəni mənzili satarkən onun 30 kvadratmetri istisnasız olaraq vergidən azad ediləcək. Məsələn, Yasamal rayonunda 100 kvadratmetrlik sahəsi olan mənzil satılarkən bunun 30 kvadratmetri vergidən azad ediləcək. Yerdə qalan 70 kvadratmetrlik sahə 15 manata və zona əmsalına (1,8) vurulacaq. Bu zaman vətəndaş 1890 manat vergi ödəyəcək. Bu, sahibi olduğu mənzildə 3 ildən az qeydiyyatda olanlara aiddir".