BAKI, 29 dekabr — Sputnik. İran, Rusiya və Çinin birgə hərbi təlimlərinin keçirildiyi ərazidə görünən istənilən kəşfiyyat aparatı məhv ediləcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İran ordusunun komandanının müavini Habibulla Sayari bildirib.
"Təbii ki, bir çoxları təlimlərdə nəyin olduğunu bilmək istəyir. Kəşfiyyatçılar da aktivləşib. Lakin birgə təlimlər zarafat deyil, biz zarafat etmirik. Təlimlərin keçirildiyi ərazidə həm üzən, həm də uçan istənilən aparat məhv ediləcək. Biz bunu daha əvvəl də nümayiş etdirmişik", - deyə Sayari bildirib.
Qeyd edək ki, İran, Rusiya və Çinin iştirakı ilə birgə hərbi-dəniz təlimləri cümə günü Hind okeanın şimalında və Oman körfəzində başlayıb və dekabrın 30-dək davam edəcək.
Xatırladaq ki, dekabr ayının əvvəlində İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Hanzadi bildirib ki, dekabrın 27-si Hind okeanında İran, Rusiya və Çinin birgə iştirakı ilə hərbi dəniz təlimləri keçiriləcək.
İranın Rusiyadakı yeni səfiri Kazım Cəlali bildirib ki, təlimlərdə məqsəd terrorizmlə və quldurlarla mübarizə, həmçinin təhlükəsizliyin təmin olunmasıdır.