Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 29 dekabr — Sputnik. Dekabrın 28-də Bərdə batalyonunun yaranmasının 28-ci ildönümü münasibətilə yüzlərlə keçmiş döyüşçü birgə xatirə tədbiri təşkil edib.
Sputnik Azərbaycan bildirir ki, Bərdə Şəhidlər xiyabanına toplaşan qazilər döyüşdə həlak olan səngər yoldaşlarının məzarlarını ziyarət ediblər. Bərdə məscidinin axundu hacı Ramazan Hüseynov şəhidlərin ruhuna dua oxuyub. Qazilər Bərdə batalyonunun yaradıcısı və komandiri olmuş Elçin Əliyevin qəbri yanında toplaşaraq ehtiramlarını ifadə edib, xatirələrini bolüşüblər.
Komandir Elçin Əliyevin döyüş yoldaşları onun cəsurluğundan, hünərindən, eyni zamanda sadəliyindən, qayğıkeşliyindən danışıblar.
Məlumata görə, Bərdə batalyonu ilk yarandığında 60 nəfər könüllü əsgərdən ibarət olub. Qısa müddət ərzində isə sıraları genişlənərək 1200 nəfəri əhatə edib. Onlar cəbhənin Ağdam, Tərtər, Goranboy rayonları istiqamətində düşmənin hücumlarının qarşısının alınmasında misilsiz fədəkarlıqlar göstəriblər.
Qeyd edək ki, müstəqillik illərinin əvvəlində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə könüllü batalyonlar yaradılırdı. 1991-ci ildə yaradılan belə batalyonlardan biri də Bərdə taboru olub. Batalyon yüzlərlə şəhid verib. Onlardan ikisi - Səfiyar Behbudov və Elgiz Kərimov ölümündən sonra Milli Qəhrəman adına, xeyli sayda döyüşçü isə orden və medallara layiq görülüb.