BAKI, 29 dekabr — Sputnik, Natalya Dembinskaya. Qlobal maliyyə böhranından 10 ildən çox bir vaxt keçsə də, iqtisadçılar yeni böhranın yaxınlaşdığı haqqında xəbərdarlıq edirlər. Dünya Bankının analitiklərinin fikrincə, növbəti böhran əvvəlkilərin hamısından ağır olacaq.
Onlarla ölkədə mövcud iqtisadi tendensiyaları təhlil edərək, Dünya Bankının analitikləri yeni bir böhranın yaxınlaşdığı, onun bütün əvvəlki böhranlardan fərqli olacağı və dağıdıcı nəticələrinə görə onları üstələyəcəyi qənaətinə gəliblər.
Dünya Bankı əsas problemi dünyada həm özəl, həm də dövlət sektorlarında sürətlə böyüyən borc yükündə görür. Dünya üzrə borc artıq 246 trilyon dollara çatıb. Qlobal ümumi daxili məhsulu (ÜDM) üç qat üstələyən bu mütləq rekord planetdəki bütün məhsul və xidmətlərin dəyərinə bərabərdir.
Lakin, Dünya Bankı vurğulayır ki, son 10 ildə yeni borcların əsas istehsalçısı Çin olub. 2010-cu ildən bəri, Çinin ödənilməmiş öhdəliklərinin ÜDM-ə nisbəti demək olar ki, dörddə üç – yəni 255 faizə qədər artıb və ümumi borclar 20 trilyon dolları ötüb.
Beləliklə, Dünya Bankı mütəxəssislərinin fikrincə, yeni qlobal böhran məhz Çində yaranacaq. Bu böhran əvvəlkilərdən daha böyük və ağır olacaq.
Çinin korporativ borcu dünyada ən böyükdür. 2008-ci ildə maliyyə tənəzzülü baş verəndə, Pekin kreditləşməni genişləndirib. 2016-cı ildə ÜDM-in təqribən 160 faizi korporativ borcun və 230 faizi isə ümumi borcun səviyyəsinə çatıb.
Strateji “Made in China 2025” proqramının icrası çərçivəsində son illərdə Pekin ən yeni texnologiyalara çıxış əldə etmək üçün qərb şirkətlərini kütləvi şəkildə almağa başlayıb. Bunun üçün isə çinli iş adamları fəal şəkildə borc götürürlər. Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, nəticədə, yalnız keçən il ərzində Çinin korporativ borcu 3,8 faiz bəndi artıb. Müqayisə üçün bildirək ki, dövlət borcu 0,8 faiz bəndi, ev təsərrüfatlarının borcu isə 0,9 faiz bəndi artıb.
Kölgə bankçılığı Çin şirkətlərinə kredit almağa kömək edir: lakin bu sektor narahatlıq doğuran ölçülərə qədər böyüyüb. Bir çox müştərilər artıq kreditlərlə yükləniblər və qaydalara uyğun olaraq onlar yeni kreditlər ala bilməzlər. Buna görə də Çin bankları pulu onlarla iş adamları arasında vasitəçi rolunu oynayan maliyyə brokerlərinə və sələmçilərə verirlər.
Təxminən 2012-ci ildən bəri, məhz bu kölgə kreditorları kredit verilməsi və aktivlərin idarə edilməsi xidmətlərinin həcmi və tempi baxımından ənənəvi maliyyə qurumlarını stabil olaraq geridə qoyublar.
Bu mexanizmlər sərmayədarlara yüksək gəlir təklif etməyə imkan verir, lakin eyni zamanda böyük risklərlə müşayiət olunur. Kölgə bankçılığı sayəsində Çin şirkətlərinin borc yükü artmaqda davam edir.
Hazırda Çində bu sektorun həcmi təxminən 7 trilyon dollara çatır. Beynəlxalq Valyuta Fondu isə artıq xəbərdarlıq edib: bu vəziyyət ölkə iqtisadiyyatını dağıda və Asiyada 1997-ci il tənəzzülünə oxşar yeni böhranı başlada bilər.