BAKI, 28 dekabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak ediblər.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni kursant yataqxanasının açılışını ediblər.
Müdafiə nazirinə məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.