İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 28 dekabr — Sputnik. Ölkədə növbəti bələdiyyə seçkiləri baş tutdu və beləcə bələdiyyələrin yaranmasının 20 ili tamam oldu. Amma təəssüf ki, bu gün bələdiyyələr digər ölkələrdən fərqli olaraq "torpaq satan" qurum kimi tanınıb. Hətta iş o yerdədir ki, bələdiyyəyə qarşı böyük inamsızlıq var. Məsələn, çox az adam var ki, bələdiyyə sənədi ilə ev və ya torpaq alsın.
Maraqlıdır, bəs bu 20 ildə bələdiyyə sahəsi niyə səlahiyyətləri donmuş bir quruma çevrilib? Nədir bələdiyyələrin inkişafına mane olan?
Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bildirib ki, bölgələrdə bələdiyyələrin müəyyən funksiyaları olsa da, paytaxt və digər böyük şəhərlərdə vətəndaşlar bələdiyyələri torpaq satan və vergi yığan bir qurum kimi tanıyıblar.
Onun sözlərinə görə, bələdiyyə səlahiyyətlərinə nəzər salsaq, qanunvericiliyimizdə bələdiyyələrə yetərincə səlahiyyətlər verilib.
Belə ki, əgər onlar bu səlahiyyətlərdən istifadə edə bilsələr, yetəri qədər nüfuz və gəlir əldə edə bilərlər.
Ekspertin fikrincə, bələdiyyələrin inkişafına mane olan səbəblər bələdiyyə büdcəsinin yetəri qədər olmaması və sakinlərə xidmət edə bilməmələridir: "Bu səbəbdən daima dövlət tərəfindən onlara böyük həcmdə pul vəsaiti ayrılır. Dövləti bu xərclərdən azad etmək və bələdiyyə sahəsini inkişaf etdirmək üçün xeyli çıxış yolları var. Qonşu ölkə olan Türkiyəyə baxsaq, orada əksər sahələr bələdiyyələr tərəfindən idarə olunur və buna görə hər il o dövlətin büdcəsi bələdiyyələr tərəfindən milyonlarla gəlir əldə edir".
E.Fərzəliyev bildirib ki, bu gün ölkəmizin kommunal sahələrində, xüsusən də yeni və köhnə tikili binaların idarə olunmasında ciddi problemlər var.
"Əksər çoxmənzilli bina sakinləri MTK-lar tərəfindən yığılan kommunal ödənişlərin cox olmasından, göstərdikləri xidmətlərin də zəif olmasından narazıdırlar. Bu gün təkcə Bakı və Abşeronda ortalama iki minə yaxın yeni tikili bina və minlərlə köhnə tikili çoxmənzilli bina, yüz minlərlə isə fərdi həyət evləri mövcuddur. Bu sahədə vətəndaşlara göstərilən xidmət isə heç də qənaətbəxş sayılmır. Düşünürəm ki, bu sahələrin idarə olunmasında bələdiyyələr də müəyyən yer almaqla həm vətəndaşlara yüksək səviyyədə xidmət göstərə bilər, həm də bələdiyyə vergilərini yığmaqla böyük bir bələdiyyə büdcəsi formalaşdıra bilər", - deyə Fərzəliyev vurğulayıb.
Onun sözlərinə görə, bu hal bələdiyyə-vətəndaş münasibətlərinin yaxınlaşmasına və onlara olan itmiş inamın bərpa olunmasına gətirib çıxara bilər.
Fərzəliyev hesab edir ki, Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) bələdiyyələrə birləşdirilməsi bu sahəni ciddi şəkildə inkişaf etdirə bilər: "Sovetlər dönəmindən bu günə qədər MKİS-lərin mənzil fondunun idarə edilməsində çox ciddi funksiyaları olub. Bu sahəni mükəmməl formada idarə ediblər. Məncə, bir çox qurumları bələdiyyələrə birləşdirməklə, həm dövlətimizin üzərindən böyük bir yük götürmək olar, həm də sürətlə köhnəlməyə doğru gedən yaşayış fondumuzu qorumaq olar. Bu həm də ölkə vətəndaşlarının bu sahədə üzləşdikləri problemləri aradan qaldırmaqla onların müəyyən problemlərini həll edə bilər".