BAKI, 28 dekabr — Sputnik. İraqın şimalında yerləşən Kərkük şəhərinin yaxınlığında ABŞ hərbçilərinin də olduğu hərbi baza raket atəşinə məruz qalıb. Bu barədə Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir.
Məlumatı artıq Pentaqon da təsdiqləyib.
"Kərkük yaxınlığında koalisiya qüvvələrinin olduğu İraqa məxsus hərbi bazanın atəşə tutulması nəticəsində ABŞ-dan olan bir mülki tədarükçü həlak olub, bir neçə ABŞ hərbçisi və İraqdan olan personal yaralanıb", - deyə Pentaqonun yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, İraq hüquq mühafizə orqanları cavab addımları atır və araşdırmalar aparılır.