BAKI, 27 dekabr — Sputnik. Bu gün çağdaş tibbdə xroniki yorğunluq da bir xəstəlik olaraq qəbul olunur. Davamlı olaraq yorğunluğun müşahidə olunması, adamların əksər hallarda özlərini yuxulu hiss etmələri, insanlarla münasibət qurmaqdan qaçmaları, daha çox özünə qapanma xroniki yoğunluğun əsas əlamətlərindən biri hesab edilir.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, türkiyəli həkimlər xroniki yorğunluq termininin artıq 15 ilə yaxındır ki, gündəmdə olduğunu, son illərdə xüsusən də 30 yaşdan yuxarı şəxslərdə bu cür əlamətlərin daha çox müşahidə edildiyini deyir.
Bu terminin digər adının tükənmişlik sindromu olduğunu söyləyən mütəxəssislərin sözlərinə görə, bu cür şəxslərdə eyni zamanda da yuxu pozğunluğu, diqqət əskikliyi, ürəkbulanma da müşahidə oluna bilər və bu şəxslər səhər işə gedərkən də yuxudan ayılmaqda, yataqlarından qalxmada çətinlik çəkirlər. İntihara meyilli şəxslər arasında belələrinin daha çox üstünlük təşkil etdiyini deyən mütəxəssislər onların psixiatra müraciət etmələrinin vacibliyini vurğulayır. Həkimlər deyir ki, əks halda, nəticələr daha ağır ola bilər.
Xroniki yorğunluğun isə daha çox bir işə ümidlə bağlanıb onun gerçəkləşməməsi ilə əlaqələndirirlər. Yəni ali məktəbi bitirən tələbə gələcəkdə öz ixtisasında daha da yüksələcəyini, arzuladığı əmək haqqını alacağını zənn etsə də, ilk işində bunun əksini görür. Beləcə, insanların arzulamadıqları işdə çalışmaları, müəyyən sıxıntılarının olması xroniki yorğunluğun yaranmasında başlıca səbəbə çevrilir.