“Aparılan monitorinqlər ümumilikdə 2019-cu ili teleradio yayımı sahəsində inkişaf ili kimi dəyərləndirməyə imkan verir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, xüsusilə də yayımçıların proqram səbətlərində maarifləndirici layihələrin, geniş spektrli aktual ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin, publisistik layihələrin, tok-şouların artımı özünü göstərib:
“Bu isə milli teleradio proqramlarına yerli tamaşaçının marağının artması ilə nəticələnib. Həmçinin müşahidələr onu göstərir ki, maarifləndirici layihələrin, tok-şouların artması bir növ, şou-biznes layihələrini, əyləncəli verilişləri kölgədə qoyub. Bütün bunlarla yanaşı, il ərzində teleradio yayımı haqqında qanunvericiliyin pozulması halları da az olmayıb. Yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar. Bəzi hallarda isə qanunvericiliyin milli-mənəvi dəyərlərlə bağlı tələblərinin pozulması halları da müşahidə edilib”, - deyə T. Dadaşov vurğulayıb.
Təvəkkül Dadaşovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz