Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. Yol-nəqliyyat hadisələrində insan tələfatının minimuma endirilməsində yaralanan şəxslərə ilkin tibbi yardımın vaxtında göstərilməsinin böyük rolu var. Loru dildə desək, belə hadisələrdə qəzanın ağır və yaxud yüngül olması rol oynasa da, yaralanan şəxslərin yaşaması əsasən onlara göstərilən ilkin yardımdan asılıdır. Elə bu səbəbdən də Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə tədbirləri gücləndirilməsi nəzərdə tutulub. Bu məsələ hətta "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi yol qəzası zamanı hadisə yerinə vaxtında çatma ilə bağlı birgə tədbirlər planı hazırlayıb. O bildirib ki, hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb: "Artıq belə təlimlərdən biri Gəncədə keçirilib".
Sputnik Azərbaycan yol-nəqliyyat hadisələri zamanı insan itkisinin minumuma endirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsinin zəruriliyini araşdırıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən BŞTTYS bir sıra təkliflər verib.
R.Nağıyev bildirir ki, əslində təcili və təxirəsalınmaz yardım hər zaman baş verəcək hadisələrə hazırdır: "Buraya təkcə yol qəzaları aid deyil. Təcili tibbi yardım yanğın, zəhərlənmə və sair hadisələrə də hazırlıqlı olmalıdır. Təcili yardımın digər əsas funksiyası baş verən qəzalardan insan tələfatı olmadan, minimum itkilərlə çıxmaqdır. Bu istiqamətdə də daim işlər aparılır. Amma bu məsələdə qarşılıqlı əlaqələrin qurulması çox önəmlidir. Artıq böyük magistral yollarda təcili tibbi xidmət üzrə 12 bölgədə növbəli briqadalar təhkim edilib. 113 nömrəsinə daxil olan qəza hadisəsi zamanı həmin briqadalar hadisə yerinə vaxtında çata bilirlər. Amma Bakı ilə bağlı vəziyyət bir qədər fərqlidir. Bakıda əhali sıxlığı çoxdur. Paytaxtda təcili yardım xidməti 21 bölmə və bölmədaxili xidmətlərdən ibarətdir. Təcili və təxirəsalınmaz xidmətə ehtiyac olduqda mərkəzləşmiş dispetçer xidmətinə məlumat verilir. Bu zaman hadisə yerinə tez çatmaq üçün yolun idarə olunması düzgün qurulmalıdır. Əgər yollarda tıxac və maneə olursa, alternativ yollardan istifadə edirik ki, hadisə yerinə tez çataq".
R.Nağıyev bildirir ki, yol qəzaları zamanı təcili və təxirəsalınmaz tibbi yardım xidmətin hadisə yerinə gecikmə səbəblərindən biri, həmin vaxt yollarda tıxacın yaranmasıdır: "Çox təəssüf ki, hadisənin baş verməsi ilə yanaşı, qəza baş verən yolda insanların avtomobilini saxlayıb baxması da tıxac yaradır. Bu isə təcili yardımın işini çətinləşdirir, insan həyatına riski artırır".
Baş həkimin sözlərinə görə, yollarda kameraların quraşdırılması, yol qəzaları barədə operativ informasiyanın verilməsini təmin edir: "Kameralar imkan verir ki, aidiyyəti qurumlar yol qəzası olan əraziyə tez çatsın. Gün ərzində Bakıda təcili yardıma 2000-2500 çağırış olur. Paytaxtda əhali sıxlığı var. Biz çalışırıq ki, 138-139 briqadanın işini elə quraq ki, bütün çağırışlara çata bilək. Amma bəzən insanlar polikilinikaya getmək əvəzinə təcili yardım çağırırlar. Bu da aidiyyəti olmayan müraciətləri artırır".
R.Nağıyev deyir ki, yol qəzalarında insan itkisini minumuma endirmək üçün görülən işlərdən biri də hadisə yerinə iki briqadanın çıxardılmasıdır: "Bəzən yol-nəqliyyat hadisəsində yaralananların sayı və digər zəruri məlumatlar dəqiq verilmir. Ona görə biz iki briqada göndəririk ki, insanların həyatı təhlükədə qalmasın. Hadisə ictimai nəqliyyat növündə törədilirsə, bu zaman briqadaların sayı artırılır. Bizə lazımi informasiya tez və dəqiq çatdıqda, briqadalar kompleksləşdirilib göndərilir".
Həmsöhbətimiz bildirir ki, yol qəzalarında insan itkisini minumuma endirməyin daha bir yolu, təcili tibbi yardımın hərəkətinə lazımi şəraitin yaradılmasıdır: "Təcili yardım qəza baş verən ərazilərdə giriş üçün birtəhər yol tapsa da, bəzən çıxış nöqtələri qapalı olur. Bu zaman digər aidiyyəti qurumlar da işlərini elə qurmalıdırlar ki, təcili yardım yaralını vaxtında xəstəxanaya çatdıra bilsin. Yollar elə idarə olunmalıdır ki, təcili tibbi yardıma bunun üçün şərait olsun".
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasetmə tədbirlərinin görülməsi məqsədilə "Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili Qaydaları" hazırlanıb, təlimlərin başlanmasına start verilib: "Dövlət Proqramında qeyd edilib ki, yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatması və daha operativ əlaqələndirməni təmin etmək üçün mütəmadi birgə təlimlər keçirilməlidir. Təlimlər Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək. Həmçinin yol-nəqliyyat hadisəsi yerinə təcili və təxirəsalınmaz tibbi yardımın, eləcə də qəza-xilasetmə dəstəsinin çatması və zərərçəkənlərin tibb məntəqələrinə çatdırılması müddətinin azaldılması üçün tədbirlər işlənib hazırlanıb. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları şəbəkəsinin və onlar arasındakı məsafənin optimallaşdırılması, yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə yol-nəqliyyat hadisələrində zərərçəkənlərlə rəftar edilməsi və ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsi işinin təkmilləşdirilməsi qeyd edilib. Qəza təhlükəli sahələrin və qəza ocaqlarının müəyyən edilməsi, onların siyahısının mütəmadi yenilənməsi və həmin yerlərdə yol hərəkətinin yenidən təşkili və ya digər mümkün üsullarla qəza şəraitinin aradan qaldırılması üçün tədbirlər görülməsi nəzərdə tutulub".
K.Əliyev bildirib ki, bu qaydalar praktiki cəhətdən öz təsdiqini tapacaq: "Hazırlanan qaydalarda yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasetmə tədbirlərinin görülməsi məsələsi bütün incəlikləri ilə öz əksini tapıb. Bu qaydalarda qəza baş verərkən avtomobilin içərisindəki şəxslərin çıxardılması, hətta onların daşınmasında hansı xərəklərdən istifadə edilməsinə qədər qeyd edilib. Bütün bunlar yol-nəqliyyat hadisələri zamanı keyfiyyətli xilasetmə tədbirlərinin aparılmasına xidmət edən amillərdir. Qaydalarda dərəyə yuvarlanan avtomobilin içərisindəki şəxslərin xüsusi qaydalarla çıxardılması, onlara hansı dərman preparatlarının verilməsi və sair məsələlər öz əksini tapıb. İlin sonuna kimi bu qaydaların tətbiqi ilə bağlı bir neçə təlimin keçirilməsi nəzərdə tutulub".
Məlumat üçün qeyd edək ki, sözügedən dövlət proqramının 4.0.5. bəndində yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əməkdaşlıq və əlaqələndirmənin gücləndirilməsi məsələsi öz əksini tapıb. Burada qeyd edilib ki, yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əlaqələndirmə gücləndirilməli, vahid çağrı mərkəzi yaradılmalı, yol-nəqliyyat hadisələrinin qeydiyyatı sistemi və ilk tibbi yardım göstərilməsi işi təkmilləşdirilməli, yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin – qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması işi təkmilləşdirilməlidir.
Qeyd edək ki, 2019-cu ilin 11 ayında yol-nəqliyyat hadisələrində ölənlər 738 nəfər olub. 2018-ci ildə isə bu rəqəm 722 nəfər təşkil edib.