BAKI, 26 dekabr — Sputnik. Sputnik Azərbaycan Yeni illə bağlı növbəti xeyriyyə aksiyasını uğurla başa çatdırıb.
Aksiyanın məqsədi Azərbaycanın cəbhə bölgəsi kəndlərindəki uşaqları sevindirmək, onlara hədiyyələr, şirniyyatlar vermək və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik etmək olub.
Aksiya Ağdam rayonunun Bənövşəli və Kolqışlaq kəndlərində yaşayan müxtəlif yaşlarda olan uşaqları əhatə edib.
Redaksiya əməkdaşları Şaxta Baba ilə birlikdə sözügedən kəndlərdəki bütün evləri ziyarət edərək uşaqlara şirniyyat boğçası, dəftərxana ləvazımatı, meyvə, oyuncaq və geyimdən ibarət hədiyyələr veriblər. Şaxta Baba uşaqları və onların valideynlərini təbrik edərək onlara Yeni ildə xoşbəxtlik və can sağlığı arzulayıb.
Builki aksiyada iştirak edən "Aqrar tədaruk və təchizat" ASC uşaqlara meyvə, "Azərpoçt" ASC bir neçə dəst dəftərxana ləvazımatı, "Əli və Nino" mağazalar şəbəkəsi, o cümlədən "Avand Technology" MMC-nin əməkdaşları, 145 saylı orta məktəbin 1 "D" və 1 saylı orta məktəbin 1 "B" sinif şagirdlərinin valideynləri dəftərxana ləvazımatı, oyuncaq və geyim hədiyyə ediblər.
Sputnik Azərbaycan-ın redaksiyası aksiyada iştirak edərək cəbhə bölgəsindəki kəndlərdə yaşayan uşaqlara bayram hədiyyəsi göndərən hər kəsə minnətdarlığını bildirir.
Sputnik Azərbaycan 2015-ci ilin may ayından ölkəmizdə fəaliyyətə başlayıb. Agentlik Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzinə malikdir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-5-liyinə (LiveInternet-in 25 fevral 2019-cu il tarixinə olan məlumatına görə) daxildir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 33 dildə ölkə və regional multimedia resursu və internet saytları, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirən, rus, ingilis, fransız və digər dillərdə dünyanın 90 şəhərində analoq və rəqəmsal radioyayım edən nəhəng KİV-lərdən biridir. Sputnik xəbər lenti bütün dünya üzrə aparıcı nəşrlərə sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya göndərir.