BAKI, 25 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp dünya üçün Şimali Koreya və İran liderləri Kim Çen In və Ayətulla Əli Xameneidən daha çox təhdid yaradır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Amerikanın "YouGov" tədqiqat şirkətinin apardığı sorğuda iştirak etmiş Almaniya vətəndaşları deyiblər.
Almaniyanın "DPA" informasiya agentliyinin sifarişi əsasında aparılmış sorğu göstərib ki, almanların 41 faizi Trampı ən təhlükəli dünya lideri kimi görürlər. Sorğuda iştirak edənlərin 17 faizi Kim Çen Inın, 8 faizi Xameneinin və Rusiya Prezidenti Vladimir Putinin, 7 faizi isə Çin lideri Si Tsinpinin adını çəkiblər.
Sorğu dekabrın 16-18-də keçirilib və onda 2024 nəfər iştirak edib.
Keçən ilki analoji sorğunun nəticələri ilə müqayisədə səslərin bölüşdürülməsi demək olar ki, eyni qalıb, lakin liderlərin göstəriciləri azalıb. Keçən ilki sorğuda respondentlərin 48 faizi Trampı, 21 faizi Kim Çen Inı, 15 faizi isə Putini əsas təhlükə adlandırıblar. 2018-ci ilin aprelində baş tutmuş həmin sorğuda respondentlərə bu üç lider arasında seçim etmək şansı verilib.