BAKI, 25 dekabr — Sputnik, Fuad Məmmədov-Paşabəyli. 1972-1976-cı illər SSRİ millisi üçün kifayət qədər uğursuz olub. Aparıcı futbol güclərinin komandalarının oyunundan təsirlənən sovet azarkeşləri millilərinin dəyişdiyini görmək istəyirdilər - ilk növbədə oyun tərzində.
Bunu etmək üçün isə məşqçilərin oyuna baxışı dərhal dəyişməli idi, amma ilk dövrlərdə bunu etmək mümkün olmadı. Sovet futbolunun menecerləri risklərin qarşısını almaq üçün, şübhəsiz ki, layiqli insanlar olan, lakin beynəlxalq arenada keyfiyyətli bir irəliləyiş təmin edə bilməyən mütəxəssislərə etibar edirdilər.
İdman dünyası isə 1974-cü ildə Almaniyada keçiriləcək dünya çempionatına hazırlaşırdı. Helmut Şönün komandasının bütün əsasları var idi ki, 1954-cü ildə tarixdə ilk dəfə olaraq planetin ən yaxşı komandası olmuş alman millisinin evdəki uğurunu təkrarlasın. İdman ictimaiyyəti almanların həqiqətən də güclü bir qüvvə olduğunu başa düşürdü, ancaq onların rəqibləri heç də geridə qalmırdı: ikiqat dünya çempionu italiyalılar, 1970-ci ildə “Qızıl ilahə”nin əbədi sahib olmuş “top sehrbazları” ləqəbli braziliyalılar, futbolunun ataları olan ingilislər və nəhayət Niderland – “Ayaks”ın bütün dünyaya müasir futbol dəbini diktə etdiyi ölkə.
Azarkeşlərin gözlədiyi gerçəkləşdi: dünya çempionatı həqiqətən də çox maraqlı alındı, amma təəssüf ki, sovet komandasının iştirakı olmadan baş tutdu. Yarışın qaydalarına əsasən, Avropa təsnifat turnirinin 9-cu qrupunun qalibi və Cənubi Amerika təsnifat turnirinin 3-cü qrupunun qalibi dünya çempionatının finalına vəsiqə qazanmaq üçün qarşılaşmalı idilər. Sovet futbolçuları UEFA-nın 9-cu qrupunda birinci yeri tutdular və pley-off oyunlarında Çili millisi ilə oynamalı idilər, ancaq gözlənilmədən General Pinoçet peyda oldu və Çilidə dövlət çevrilişi qiyamı baş verdi.
Moskvada onların arasında görüş baş tutdu və oyun qolsuz bərabərliklə başa çatdı. Lakin sovet komandasının Santyaqoya səfərdən imtina etməsindən sonra ona texniki məğlubiyyət verildi. Çili komandası isə dünya çempionatına yollandı və orada əlamətdar heç bir şeylə yadda qalmadı. SSRİ yığmasının məşqçisi Yevgeni Qoryanski vəzifəsindən kənarlaşdırıldı, onun yerini isə tezliklə Konstantin Beskov tutdu.
Almanlar Niderland millisini finalda məğlub edərək 1974-cü ilin dünya çempionu oldular. Bu matçı ailəmlə Leninqradda dincəldiyim “Astoriya” otelinin foyesində izləyirdim. Başlanğıc fitindən beş dəqiqə əvvəl, foye o vaxt Leninqradda olan niderlandlı azarkeşlərlə doldu. Onlar da mənim kimi böyük Yohan Kroyffun komandasına həvəslə azarkeşlik edirdilər. Niderlandlıların niyə azarkeşlik etdiyini əlbəttə ki, bəlli idi. Mən isə 1966-cı ilin dünya çempionatının yarımfinal matçında almanların SSRİ millisi ilə nə etdiyini unuda bilmirdim, həm də Kroyffa pərəstiş edirdim.
Yeri gəlmişkən, məşhur forvardın soyadının Kruyff deyil, Kroyff kimi tələffüz edildiyini həmin gün Yohanın həmyerlilərindən öyrəndim.
Almanlar tamamilə haqlı olaraq qazandılar. Finalda Almaniya millisinin baş məşqçisi Helmut Şön hiylə edərək, meydana Rayner Bonhofu buraxdı və ona tam hərəkət azadlığı verdi. Niderlandlılar gənc yarımmüdafiəçi Bonhofun hansı funksiyaları yerinə yetirdiyini anlayanadək oyun artıq oynanılmışdı. Sovet televiziya jurnalistikasının ustası Nikolay Ozerov sonradan Şönün bu hiyləsini “gəzən Bonhof” adlandırdı.
Həmin gün, “Zanbaqlar ölkəsi”ndən gələn azarkeşlərdə dərin kədərin şahidi oldum. Mən də məyus idim, lakin eyni zamanda böyük alman futbolçularının oyununa heyran qalmışdım. Birmənalı şəkildə deməliyəm ki, dünya çempionatlarının bütün finallarından bu oyun ən heyrətləndirici oldu - bu oyun həqiqətən də futbol nəhənglərinin qarşıdurması idi!
Sovet komandası isə 1976-cı ildə Yuqoslaviyada keçiriləcək Avropa çempionatına hazırlaşarkən azarkeşləri gözə çarpan nəticələrlə sevindirmirdi. Yalnız Valeri Lobanovskinin rəhbərliyi altında “Dinamo Kiyev” klubunun parlaq oyunu SSRİ-dəki futbol azarkeşlərini sevindirirdi. Gənc mütəxəssis həm müasir oyun tendensiyalarına sadiq qalırdı, həm də öz baxışlarını əlavə edirdi. O, qısa bir müddətdə azarkeşlərdə sovet futbolunun tərəqqisinə inam oyadan əla bir komanda yaratmağı bacardı.
Kiyevlilər 1975-ci ildə UEFA Kuboklar Kuboku uğrunda mübarizədə bütün rəqiblərini məğlub etdilər, finalda isə Macarıstanın əfsanəvi “Ferentsvaroş” komandasını 3:0 hesabı ilə üstələdilər. Avropa Super Kuboku uğrunda iki matçda isə onlar Almaniyanın əzəmətli “Bavariya”sını məğlub etdilər. Münhendəki ilk görüş 1:0 hesabı ilə “Dinamo”nun xeyrinə başa çatdı, Kiyevdəki cavab oyununda isə Lobanovskinin komandası daha inamlı qələbə qazandı – 2:0. Diqqət yetirin – rəqib ard-arda bir neçə dəfə Avropa çempionatlarının kuboklarını qazanmış, eləcə də Avropa və dünya çempionu olan Almaniya millisi üçün bünövrə komandası rolunu oynayan “Bavariya” idi.
Möhtəşəm Oleq Bloxinin alman müdafiəsinə nə etdiyini görmək lazım idi! Bloxinin ilk oyunda komanda yoldaşları ilə keçid edərək böyük Zepp Mayerin qapısına fantastik qolunu vurması zamanı Almaniya milli komandasının və “Bavariya”nın əfsanəvi kapitanı Frans Bekenbauerin çaşqın və aciz simasını heç vaxt unutmayacam! Kiyevdə Bloxin daha iki qol vuraraq kiyevlilərin qələbəsini təsdiqlədi. Bu qələbə sovet komandasının AVRO-1972-nin finalındakı məğlubiyyətindən sonra azarkeşlər üçün bir növ təsəlli oldu, Bloxin isə nüfuzlu “France Football” jurnalından “Qızıl top”u alaraq 1975-ci ildə Avropanın ən yaxşı oyunçusu kimi tanındı.
Təbii ki, belə bir vəziyyətdə ölkənin futbol rəhbərliyi Lobanovskiyə SSRİ milli komandasının baş məşqçisi yerini təklif etməyə demək olar ki, məcbur idi. SSRİ yığması həmin vaxt AVRO-1976-nın seçmə turnirində çox da yaxşı çıxış etmirdi. Lobanovskinin milli komandaya rəhbərlik etməsindən sonra vəziyyət yaxşılaşdı: sovet futbolçuları seçmə qrupda birinci yeri tutdular.
Ancaq dörddəbir finalda (bu final mərhələsinə yalnız dörd komandanın çıxdığı son Avropa çempionatı idi) SSRİ komandası Bratislavada Çexoslovakiya Sosialist Respublikasına 2:0 hesabı ilə məğlub oldu, Kiyevdəki cavab oyunu isə 2:2 hesablı başa çatdı. Lobanovskinin “Dinamo”dan bir çox oyunçunu milliyə cəlb etməsinə baxmayaraq, gələcək Avropa çempionlarını məğlub etmək mümkün olmadı. Bloxinin ev oyununda bir qol vurmasına baxmayaraq Çexoslovakiya yığması onun qarşısını almağı bacardı. Sovet yığması Avropanın ən güclü dörd komandasının turnirindən kənarda qaldı.
Çexoslovakiya ilə yanaşı, Almaniya Federativ Respublikası, Yuqoslaviya və Niderland milli komandaları da finala çıxdılar. Təbii ki, futbol azarkeşlərinin böyük bir hissəsi 1974-cü ilin dünya çempionatında başlamış Almaniya-Niderland qarşıdurmasının Yuqoslaviyada davam edəcəyinə əmin idilər. Ancaq hər şey gözlənildiyi kimi olmadı. AVRO-1976-nın finalı çox inadkar oyunlarla yadda qaldı. Yarımfinallarda və üçüncü yer uğrunda matçda qalib yalnız əlavə vaxtda müəyyənləşdi, həlledici matçda isə penalti seriyasını keçirmək lazım oldu.
Möhtəşəm Kroyffun müqayisə olunmaz komandası yarımfinalda Çexoslovakiya millisi ilə qarşılaşdı. Çexoslovakiyalılar qapısını planetin ən yaxşı qolkiperlərindən biri olan İvo Viktor qoruyurdu. Meydanda isə Neqoda, Pivarnik, Dobiaş və başqaları parıldayırdı, amma əsas ulduz parlaq Antonin Panenka idi. Ondruş matçın 19-cu dəqiqəsindəki qolu ilə çexoslovakiyalıları önə keçirsə də, 73-cü dəqiqədə topu öz komandasının qapısına göndərdi. Əlavə vaxtda Neqoda və Veselının qolları son hesabı müəyyən etdi və Çexoslovakiya komandasını finala çıxardı.
İkinci yarımfinalda Almaniya millisi meydan sahibləri ilə qarşılaşdı. Dünya çempionunun heyətində müxtəlif səbəblərdən əfsanəvi Günter Netzer və Gerd Müller oynamırdılar, lakin onları Uli Höness və Diter Müller çox uğurla əvəz etdilər.
Möhtəşəm Draqan Jaiçin başçılıq etdiyi yuqoslavlar əla futbol nümayiş etdirdilər və 64-cü dəqiqəyə qədər 2:0 öndə idilər, amma “alman maşını” yenə öz gücünü göstərdi. Hayns Floe fərqi azaltdı və 81-ci dəqiqədə Diter Müllerin qolu matçı əlavə vaxta apardı. Müller daha iki dəfə - 114 və 119-cu dəqiqələrdə fərqləndi və Yuqoslaviya millisini evdə Avropa çempionatının qızılı uğrunda mübarizə aparmaq imkanından məhrum etdi.
Dünya çempionatının qalibi Almaniya-Çexoslovakiya matçında müəyyənləşməli idi, lakin bundan əvvəl turnirin ev sahiblərinin Niderland ilə üçüncü yer uğrunda oyunu keçirildi. Niderland millisi ilk hissədə iki qol vursa da, yuqoslaviyalılar fasilədən əvvəl bir qol vurmağı bacardılar. İkinci 45 dəqiqədə niderlandlılar görüşə inamla nəzarət edirdilər, lakin 83-cü dəqiqədə Jaiçin əla cərimə zərbəsi matçı əlavə vaxta apardı. Balkan komandasının çox saylı azarkeşləri ruhlandılar, amma Ruud Gelsin 107-ci dəqiqədə vurduğu qol onların medal ümidlərini darmadağın etdi. Niderland komandası AVRO-1976-nın bürünc medalçısı oldu.
Final isə əla alındı. Dünya çempionları ilk dəqiqələrdən rəqibin inanılmaz təzyiqini hiss etdilər. Şübhəsiz Helmut Şön güman edirdi ki, dörddəbir finalda Lobanovskinin komandasını məğlub etmiş və yarımfinalda 1974-cü ilin dünya çempionatının gümüş mükafatçısından üstün olmuş komanda heç də uşaq-muşaqdan ibarət deyil. Lakin o belə bir inamlı oyun gözləmirdi. Çexoslovakiyalılar artıq 25-ci dəqiqədə 2:0 hesabı ilə öndə idilər. Lakin “alman maşını” 28-ci dəqiqədə Diter Müllerin qolu ilə fərqi azaltdı.
Hələ o vaxt hamı bilirdi ki, almanlar final fitinə qədər oyunu dayandırmırlar – bu dəfə də belə oldu. İkinci hissənin son dəqiqəsində turniri əla keçirmiş çexoslovakiyalı qapıçı İvo Viktor künc zərbəsindən sonra səhv etdi və qısaboylu Bernd Helsenbaym hesabı bərabərləşdirdi. Demək olar ki, dərhal, hakim fitini çalaraq matçın əsas vaxtının başa çatdığını elan etdi.
Əlavə vaxtda hər iki tərəfin bir-iki qol şansı var idi, amma qol vurulmadı. Tarixdə ilk dəfə olaraq Avropa çempionatının qalibi penaltilər seriyasında müəyyənləşməli idi.
Üç cüt oyunçu penaltini reallaşdıra bildi, ancaq almanlardan penaltini dördüncü vurmalı olan əfsanəvi Uli Höness penaltini vura bilmədi və komandasını məğlubiyyət təhlükəsi ilə üz-üzə qoydu. Qarşılaşmanın taleyini Panenka həll etməli idi. O da penaltini vurdu. Özü də necə! Qaçdı, bir az ara verdi və sonra topu əyri xətlə qapının düz mərkəzinə “paraşüt” zərbəsi ilə göndərdi. Bu an dünyanın ən yaxşı qapıçılarından biri Zepp Mayer isə özünü sol küncə atdı. Çexoslovakiya yığmasının yarımmüdafiəçisinə qədər heç kim penalti zərbəsini bu şəkildə yerinə yetirməmişdi, buna görə də bu zərbə haqlı olaraq “Panenkanın penaltisi” adlandırıldı. Futbolçular bu texnikanı indi də tez-tez istifadə edirlər, amma o zaman bu inanılmaz bir şey idi. Məhz Panenkanın penaltisi Çexoslovakiya komandasına qitənin ən güclüsü adını qazandırdı.
Beşinci Avropa çempionatının izləyən sovet azarkeşləri isə SSRİ komandasının dörddəbir finalda hazırkı dünya və Avropa çempionundan və məşhur “uçan hollandiyalılardan” daha güclü olmuş gələcək çempionlara məğlub olması ilə təsəlli tapırdılar. Çexoslovakiyalıların nümunəsi göstərdi ki, dünyanın ən güclü komandaları ilə effektiv mübarizə aparmaq tamamilə mümkündür.
“Dinamo Kiyev”in ən müasir dünya tendensiyalarına əsaslanan oyunu sovet futbolsevərlərini ümidləndirirdi ki, digər klublar da kiyevlilərdən nümunə götürəcəklər.
Şübhə yox idi ki, milli komanda səviyyəsini artırmağa davam edəcək. Lakin tezliklə Valeri Lobanovski SSRİ millisinin baş məşqçisi vəzifəsindən azad edildi. Qarşıda 1978-ci ilin dünya çempionatı və 1980-cı ilin Avropa çempionatı var idi. Ancaq bu haqda ətraflı növbəti dəfə.