BAKI, 24 dekabr — Sputnik. Bu gün Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərində yerləşən, 1957-ci ildə inşa olunmuş köhnə konstruksiyanı əvəz edən yeni avtomobil körpüsünün açılışı olub.
Körpünün açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstanın başçısı Valdimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və digər rəsmi şəxslər iştirak ediblər.
Beş aşırımlı körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi ilə tikilib. Körpünün tikintisinə 21,5 milyon dollar vəsait xərclənib.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi ilə bağlı hökumətlərarası saziş 13 sentyabr 2013-cü ildə imzalanıb.
Körpünün uzunluğu 325,3, eni 17,3 metrdir. O iki zolaqdan ibarətdir. Burada həmçinin eni 3,75 metr olan piyada keçidi də tikilib.