BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda tanınmış müğənnilər olan əkiz bacılar - Sevil və Sevinc Səfərovalar ərə gedəndən sonra yerli şou-biznesdən getmək niyyətindədirlər.
Bunu müğənni bacılar özləri Sputnik Azərbaycan-a deyiblər.
Bacılar ailə qurmaq və oxumağı dayandırmaq istəyirlər, hesab edirlər ki, bu sənət onlara yaraşmır.
"Bizim əksər rəfiqələrimiz ciddi olduğumuzu başa düşmürlər və elə bilirlər, sadəcə zarafat edirik. Bacımla mən qərara gəlmişik ki, ərə gedəndən sonra oxumağı dayandıraq. Biz bu sənətdə özümüzü öz yerimizdə hiss etmirik. Allah eləsin, bacımla birlikdə layiqli insanlara rast gələk, ərə gedək və müğənnilik karyerası ilə vidalaşaq", - deyə Sevil Səfərova bildirib.
Qızlar nəinki təkcə səhnədən getməyi, həm də sosial şəbəkələrdəki səhifələrini bağlamağı və təkcə doğmalarının biləcəyi yeni səhifə açmağı planlaşdırırlar. Tanış olmayan şəxslər üçün onların səhifələri qapalı olacaq.
Sevil və Sevinc Səfərova bacıları uşaqlıqdan mahnı ifa edirlər. Onlar hazırda mahnı oxumaqla yanaşı, yerli telekanalların birində aparıcılıq edirlər. Onların qonaqları əsasən tanınmış şəxslər olur və verilişdə öz yaradıcılıqlarından danışırlar. Onlar təkcə Azərbaycanda deyil, Rusiyada da özləri üçün tamaşaçı toplaya biliblər.