BAKI, 23 dekabr — Sputnik. "Son saatlarda sosial şəbəkələrdə dəniz platformasından neft və ya digər bulanıq mayenin dənizə axıdılması görüntüləri yayılmaqdadır. Nə neft, nə lay suları, nə də digər çirkli maddələrin dənizə birbaşa axıdılması SOCAR-ın təlimat və standartlarında nəzərdə tutulmur və şirkət rəhbərliyinin yerlərə verdiyi təlimatlara birbaşa ziddir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat şöbəsindən məlumat verilib.
Bildirilib ki, SOCAR son dövrdə Azneft İB-nin dəniz platformalarında lay sularının təmizlənməsi üçün xüsusi avadanlıqlar quraşdırıb və artıq neftlə birlikdə çıxan lay sularının da təmizlənməsinə tam nail olunub.
Qeyd edilib ki, yayılan görüntülərdə əks olunan hadisənin məkanı Neft Daşlarında ehtimal olunduğuna görə bu gün səhər Azneft İB-nin rəhbərlik heyətinin iştirakı ilə oraya komissiya göndərilib: "Hazırda araşdırma aparılır və nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq. Ətraf mühitin qorunması istiqamətində bu cür hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək".