BAKI, 22 dekabr — Sputnik. 2019-cu ilin ən pis filmi Aaron Vudlinin "Arktikanın gözətçiləri" animasiya filmi olub.
Sputnik Azərbaycan bildirir ki, "The Hollywood Reporter" nəşrinin tənqidçiləri bu fikirdədirlər.
Onların fikrincə, cizgi filmini korlayan onun məqsədli auditoriyasının heç tanımadığı aktyorların səsləndirməyə cəlb edilməsidir.
Pislərin siyahısına eləcə də Tom Huperin "Pişiklər" kinomüzikli düşüb - burada, tənqidçilərə görə, "insanlarla pişiklərin rəqəmsal hibridləri ən yaxşı halda qəribə, ən pis halda isə qorxunc görünür". Üçüncü pillədə "İks adamlar" seriyasında "Qara Feniks" qərarlaşıb - filmin rejissorunun parlaq emosiyalardan xali olmasını tənqidçilər bəyənməyiblər.
Onluqda "Domino", "Fanatik", "Şeron Teytin ruhları", "Bir milyon xırda qırıntı", "Rembo: Sonuncu qan", "Cazibə dənizi" və "Yan-yana" filmlərinin də adı var.
Dekabrın 13-də "The Hollywood Reporter"in tənqidçisi Todd Makkarti 2019-cu ilin ən yaxşı filmlərinin adını açıqlamışdı. Reytinqə Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmi başçılıq edirdi. İkinci yerdə Adam Sendlerin baş rolunu oynadığı "Cilalanmamış cəvahirat" kriminal trilleri bərqərar olub. Üçüncü pilləyə isə Qreta Qerviqin "Balaca qadınlar"ı layiq görülüb.