BAKI, 22 dekabr — Sputnik. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək: “Seçkilər ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Seçki prosesində iştirak edəcək seçicilərin sayı isə 4 milyon 972 min 356 nəfərdir. Sabahkı seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşib və məntəqələrdən asılıb”.
MSK sədri bildirib ki, artıq 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “ Onlar vasitəsilə səsvermənin gedişi və başa çatmasını izləmək mümkün olacaq”.