BAKI, 21 dekabr — Sputnik. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 19-a çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha dörd partiyanın – Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 15 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb. Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.
M.Pənahov həmçinin qeyd edib ki, həmin müraciət edən şəxslərinin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb”.