Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 21 dekabr - Sputnik. "Dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Azərbaycanı çox sevirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie jurnalistlərlə keçirdiyi görüşü zamanı bildirib.
Səfir vurğulayıb ki, ikinci dəfə dünyaya gəlmək şansı olsaydı, Azərbaycanı seçərdi. O qeyd edib ki, xanımı Azərbaycanı o qədər sevib ki, dörd ildir İndoneziyaya getmir: "Xanımım Bakını çox sevir. O, İndoneziyaya getmək istəmir".
Husnan Bey Fananie qeyd edib ki, Nizami Gəncəvinin yaradıcılığını dərindən öyrənmək istəyir: "Yuxumda Nizami Gəncəvi ilə görüşmüşəm. Əlində kitablar var idi. Mənə dedi ki, sən Azərbaycanda olan xarici ölkənin vətəndaşısan, amma mənim haqqımda Azərbaycan xalqından çox bilirsən. Bu, adi tədbirlərdəki görüşlərə bənzəmirdi, çox fərqlənirdi. Mən yuxudan oyandım və tez bir zamanda Nizami Gəncəvi haqqında araşdırmalara başladım.
Mən Nizami Gəncəvini dünyada tanıtmaq yolları barədə düşündüm. İndoneziyaya getdim və Nizami Gəncəvi barədə film istehsalçılarından birinə danışdım. İndoneziya və Azərbaycan olaraq "Leyla və Məcnun" filmini çəkdik. Filmdə Lelya indoneziyalı, Məcnun isə azərbaycanlıdır. Filmin çox hissəsi Bakıda, bir hissəsi isə İndoneziyada çəkildi. Bu, iki xalqın, iki mədəniyyətin filmidir. Çox qeyri-adi və gözəl filmdir".