BAKI, 20 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Senatda dərhal impiçment prosesinin başlanmasını tələb edib. Sputnik Azərbaycan xəbər verir ki, Tramp bu tələbi "Twitter" səhifəsində irəli sürüb.
"Demokratların mənə Nümayəndələr palatasında lazımi məhkəmə işini, vəkilləri, şahidləri, heç bir şeyi təmin etməməsindən sonra onlar indi Senata bu prosesin necə aparılacağı göstərişini verirlər. Əslində, onların (demokratların – red.) dəlili yoxdur, onlar (dəlillər – red.) heç vaxt ortaya çıxmayacaq", - Tramp tvitində deyib.
"Dərhal məhkəmə prosesini tələb edirəm!", - ABŞ prezidenti əlavə edib.
— Donald J. Trump (@realDonaldTrump) December 20, 2019
Digər bir tvitində isə Tramp qeyd edib ki, heç bir respublikaçı onun impiçmentinin lehinə səs verməyib və bu da onun partiya yoldaşları arasındakı birliyə işarə edir.
— Donald J. Trump (@realDonaldTrump) December 20, 2019
Trampa qarşı Senatda impiçment prosesinin nə vaxt başlayacağı və onun hansı formatda olacağı hələ ki, məlum deyil. Respublikaçıların lideri Mitç Makkonel dekabrın 19-da jurnalistlərə deyib ki, Konqresin yuxarı palatası Milad tətilindən yanvarın 6-da qayıdacaq və bu tarixə qədər heç bir səsvermə planlaşdırılmayıb.
Qeyd edək ki, dekabrın 18-də Nümayəndələr palatası iki maddə üzrə - səlahiyyətlərdən sui-istifadə və Konqresin işinə mane olmaq ittihamları ilə Trampın impiçmentinin lehinə səs verib. Sonrakı mərhələdə impiçment məsələsinə Senat baxmalı olacaq. Trampın vəzifəsindən uzaqlaşdırılması üçün senatorlardan üçdə ikisinin onun impiçmentinin lehinə səs verməsi tələb olunur.