Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. “Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” filminin ikinci hissəsinin təqdimat vaxtı bəlli olub. Bu barədə Sputnik Azərbaycan-a həmin filmdə rol almış aktyor Elcan Rəsulov məlumat verib. Ekran əsərini bəyənməyən E.Rəsulov sözügedən filmi yaxşı karnaval şənliyi hesab edir:
“Bu filmdə mənim öz obrazım mənə çatmır. Bu filmdən sonra mən qərara almışam ki, belə filmlərə çəkilməyim”.
Filmin niyə iki hissədən ibarət olmasına aktyor kinayə ilə cavab verib: "Əslində, biz bir film danışmışdıq. Sadəcə rejissorun əli gəlməyib materialları kəsib atmağa. Yəqin, çox xoşuna gəlir. Bəlkə, 3-cü bölümü də oldu. Hətta “Qış nağılı” serial da ola bilər”.
Qeyd edək ki, 2-ci hissənin nümayişi ilə bağlı Elcan Rəsulov bildirdi ki, 19 dekabrda təqdimat nəzərdə tutulub.