BAKI, 19 dekabr — Sputnik. Avropa İttifaqı təxminən 50 milyard avro, Rusiya isə 50 milyon dollar itirib. İtkilər böyükdür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik böyük mətbuat konfransında "Avropa İttifaqı sanksiyası və siyasi təzyiqlər. Vəziyyət yaxşılığa doğru dəyişəcəkmi? Təzyiq Rusiyaya necə təsir edəcək?" sualını cavablandırarkən bildirib.
"Avropa İttifaqı təxminən 50 milyard avro, Rusiya isə 50 milyon dollar itirib. İtkilər böyükdür, bu itkilər yalnız pul deyil, həm də bazarların itirilməsi nəticəsində itirilən iş yerləridir. Rusiya bazarına sadəcə digər oyunçular gəlir", - deyə Putin qeyd edib.
O, eyni zamanda vurğulayıb ki, siyasi motivli addımlardan qurtulmaq lazımdır: "Birləşmiş Ştatların Çinə qarşı sanksiyaları dünya iqtisadiyyatına da təsir edir. Rusiyanın iqtisadiyyatı xarici şoklara adaptasiya olub, yerli valyuta isə enerji resurslarına qiymətlərin mümkün tərəddüdlərinə qarşı daha möhkəm olub".
Qeyd edək ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur.
Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.