BAKI, 19 dekabr — Sputnik. Berlin Birləşmiş Ştatların eksterritorial sanksiyalarının əleyhinədir və Vaşinqtonun "Şimal axını-2" layihəsinə qarşı tədbirlərini "qətiyyətlə" müzakirə etmək niyyətindədir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Bundestaqda çıxış edən Almaniya Kansleri Angela Merkel deyib.
"Biz eksterritorial sanksiyaların əleyhinəyik - dünənki qərardan bəri deyil, İranla bağlı da eyni problemimiz var. Mən danışıqlar aparmaqdan başqa bir seçim görmürəm, amma danışıqları qətiyyətlə aparmalıyıq (bildirək – red.) ki, biz bu təcrübəni qəbul etmirik, bu eksterritorial sanksiyalar öz təsirini göstərir. "Şimal axını-2" ətrafında vəziyyətin necə inkişaf edəcəyini görəcəyik", - Merkel deyib.
Şərqi Alman Biznes Assosiasiyasının sədri Oliver Hermes isə deyib ki, alman biznesmenlər Avropa İttifaqını (Aİ) qısa bir vaxtda sözügedən sanksiyaların qarşısını almaq və ya kompensasiya təmin etmək üçün vasitələr hazırlamağa çağırır.
"Aİ öz növbəsində xaricdən Avropanın suveren hüquqlarına bu cür müdaxilənin qarşısını alan və ya kompensasiya verən vasitələr hazırlamalıdır. Federal hökumət indi bunu Brüsseldə müzakirəyə çıxarmalıdır", - Hermes deyib.
ABŞ Senatı çərşənbə axşamı 738 milyard dollarlıq müdafiə büdcəsinin lehinə səs verib. Müdafiə büdcəsinə müxtəlif sahələrdə "Rusiyanın qarşısını almaq" üçün vasitələr, "Şimal axını-2" layihəsinə qarşı sanksiyalar və Ukraynaya hərbi yardım daxil edilib.
Sənədi Prezident Donald Tramp imzalamalıdır. O, isə artıq dərhal imza atmağa hazır olduğunu bildirib.