BAKI, 19 dekabr — Sputnik. Türkiyə Liviyadakı vəziyyəti və bu ölkəyə öz qoşunlarını göndərmək imkanını müzakirə etmək üçün yaxın günlərdə Moskvaya nümayəndə heyəti göndərmək niyyətindədir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz lazımi təyinatları etmişik. Xarici işlər, müdafiə nazirlərinin müavinlərinin, həmçinin kəşfiyyat və hərbçilərin də daxil olduğu nümayəndə heyəti danışıqlar üçün yaxın günlərdə Moskvaya gedəcək", - deyə Ərdoğan "rusiyalı həmkarınız Vladimir Putinlə telefon danışığı zamanı Liviyaya türkiyəli hərbçilərin göndərilməsi məsələsini müzakirə etmisinizmi" sualını cavablandırarkən bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, Liviya məsələsindən əlavə, tərəflər Suriyadakı vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə ediblər.