Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. 2018-2019-cu tədris ilindən etibarən respublika üzrə ümumtəhsil müəssisələrində şagirdlərə fərqli yanaşma tətbiq edilir. Belə ki, ölkənin ümümtəhsil müəssisələrində xüsusi siniflər yaradılır, yaxşı oxuyan şagirdlər həmin siniflərə cəlb edilirlər.
Məktəblərdə xüsusi siniflərin təşkil olunması birmənalı qarşılanmır. Sputnik Azərbaycan-a bu barədə məlumat verən valideynlər iddia edirlər ki, məktəblərdə xüsusi siniflərin yaradılması təhsil müəssisələrində ayrı-seçkiliyə səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsir edir. Belə ki, yaxşı oxuyan şagirdlərin bir sinfə seçilib yığılması nəticəsində sinifdə şagirdlər arasında rəqabət yaranmır. Ən savadlı müəllimlər də xüsusi siniflərə yönəldilir.
Sputnik Azərbaycan xüsusi siniflərin yaradılmasının orta təhsilə müsbət və mənfi təsirlərini araşdırıb.
Təhsil üzrə tanınmış ekspert, Azərbaycan Təhsil Şurasının sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xüsusi siniflərin bütün məktəblərdə yaradılması doğru deyil: "Təhsildə belə yanaşmanı müdafiə etmirəm. Yaxşı idarəetmə, yaxşı təhsil sistemi odur ki, zəif oxuyan şagirdləri təhsilə həvəsləndirəsən, yaxşı oxudasan.
Xüsusi sinifləri isə ancaq təmayüllü məktəblərdə yaratmaq olar. Amma bütün siniflərdən ən yaxşı oxuyan şagirdləri bir sinfə yığıb həmin siniflərdəki şagirdlərə yüksək təhsil verərək, yerdə qalan siniflərdə təhsilin keyfiyyətinə əhəmiyyət verməmək yanlış yanaşmadır. Hər sinifdə yaxşı oxuyan şagird olmalıdır ki, digər zəif oxuyan şagirdlər də onlara baxıb oxusunlar.
Orta təhsildə bütün uşaqlar üçün eyni keyfiyyətdə təhsil imkanı yaratmaq lazımdır. Ən savadlı müəllimləri əlaçılardan ibarət yaradılan xüsusi siniflərə yönəltmək düzgün təhsil siyasəti deyil".
Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb. Hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir.
Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir. Bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb. Fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər. Bununla yanaşı, sinif komplektləşdirilməsində bu şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan edilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb ediliblər.