1972-ci il böyük idman hadisələri ilə zəngin olub. İlin əvvəlində Yaponiyanın Sapporo şəhərində Qış Olimpiya Oyunları baş tutub. Gözəl təşkil olunmuş bu olimpiada bir çox xoş təəssüratlar buraxıb: Qalina Kulakova və Vyaçeslav Vedeninin başçılığı ilə sovet xizəkçilərinin parlaq çıxışını, estafet yarışında sovet biatlonçularının qələbəsini, fiqurlu konkisürən İrina Rodninanın Aleksey Ulanovla duetdə qazandığı ilk qızıl medalı və nəhayət ki, sovet xokkeyçilərinin füsunkar qələbəsini hələ də xatırlayıram.
Elə həmin ilin sentyabrında SSRİ xokkey komandası ilə kanadalı peşəkarlar arasında bir sıra oyunların şahidi olduq ki, burada xarici xokkeyçilərin yenilməzliyi haqqında mif darmadağın edildi.
1972-ci ilin Yay Olimpiya Oyunları 50 qızıl medal qazanmış sovet komandası üçün çox uğurlu keçib. Aleksandr Belovun SSRİ-ABŞ basketbol final matçında qələbə atışı həmişə yadımdadır və düşünürəm ki, bu bütün sovet azarkeşlərinin də xatirəsində həkk olunub. Bu qələbə Sovet İttifaqına bu idman növündə ilk olimpiada qələbəsini gətirib.
Bəli, 1972-ci ildə ən yüksək səviyyəli idman yarışlarının sayı yetərincə idi, amma sovet futbol azarkeşləri Belçikada keçirilən dördüncü Avropa çempionatının finalını səbirsizliklə gözləyirdilər. Qeyd edim ki, sovet komandasını "AVRO-1968"in finalından məhrum etmiş uğursuz püşkatmadan sonra azarkeşlər revanşa can atırdılar. Sovet futbol azarkeşləri bu revanşın 1970-ci ildə Meksikadakı Dünya Çempionatında baş verəcəyinə ümid edirdilər.
Möhtəşəm Meksika çempionatı braziliyalı top sehrbazlarının finalda İtaliya komandasını məğlub edərək Jul Rime Kubokunu - "Qızıl İlahə"ni əbədi olaraq qazanması ilə yadda qaldı.
Sovet komandası isə qrup turnirini inamla keçib və dörddəbir finala yüksəlib. Burada isə onu iki qat dünya çempionu Uruqvay gözləyirdi. Lakin SSRİ millisi öz oyununu oynaya bilmədi, futbolçular cənubi amerikalılar üçün əlverişli, ləng və dağıdıcı bir şəkildə hərəkət etməyə məcbur oldular. Əsas vaxta qalib müəyyənləşmədi, əlavə vaxt isə çox qarışıq keçdi. Anatoli Bışovets hətta rəqibin qapısına qol vurmağı bacardı, amma bundan əvvəl hakimlər hücumçunun ofsaydda olduğunu qeydə aldılar. Final fitindən üç dəqiqə əvvəl isə sovet azarkeşlərinin ümidləri kart evi kimi çökdü.
Luis Kubilla sovet millisinin qapı xəttində Valentin Afoninlə mübarizəyə girərək topu ondan alır və cərimə meydançasına ötürmə edir. Burada isə Viktor Esparraqo müdafiəçiləri qabaqlayaraq topu Anzor Kavazaşvilinin qoruduğu qapıdan keçirir. Qapıçı başda olmaqla SSRİ komandasının bütün müdafiəçiləri uzun müddət hakimə topun meydandan çıxdığını sübut etməyə çalışdılar, amma bütün səylər nəticəsiz qaldı.
Aydın məsələdir ki, bundan sonra azarkeşlər xüsusi səbirsizliklə Avropa çempionatını gözləyirdilər ki, sovet futbolçuları əvvəlki məğlubiyyətlərinin uğursuzluğun nəticəsi olduğunu sübut edə bilsinlər.
Yeri gəlmişkən, deməliyəm ki, seçmə oyunlar başlamazdan əvvəl UEFA püşkatma təcrübəsini penaltilər seriyasına dəyişdirmək qərarına gəlib. Buna görə də qəpik atma adəti yalnız sovet komandasının bəxtinə düşərək onu çətin vəziyyətə salıb.
AVRO-nun Belçikada finalının başlamasından əvvəl daha bir hadisə baş verib ki, onun haqqında da danışmamaq olmaz. Klublararası beynəlxalq yarışların tarixində ilk dəfə olaraq sovet komandası "Dinamo" (Moskva) Kuboklar Kuboku turnirinin finalına çıxıb.
Şotlandiyanın "Qlazqo Reyncers" klubu ilə final matçının əvvəlində "Dinamo" səliqəsiz oynayır və qapısından üç qol buraxır. Lakin sonra baş məşqçi Konstantin Beskov oyunçuları ruhlandıra bilir və onlar iki qol vururlar. Əminəm ki, moskvalılar məğlubiyyətdən qaça biləcəkdilər, amma görüşün sonunda gözlənilməz bir hadisə baş verdi: Britaniya komandasının onlarla azarkeşi "Camp Nou" stadionuna tökülür, oyunun gedişatı pozulur, "Dinamo" ritmi itirir, "Qlazqo Reyncers" isə hesab üstünlüyünü qoruya bilir. Sonda isə bütün rəsmi etirazlara baxmayaraq, UEFA qələbəni şotlandiyalılara verir.
AVRO-nun bütün seçmə oyunlarını uğurla başa vuran SSRİ komandası çempionatın finalına yüksəlir. Təsnifat turnirindən sonra komandaya Valentin Nikolayevi baş məşqçi kimi əvəz etmiş Aleksandr Ponomaryov rəhbərlik edirdi.
İyunun 14-də SSRİ millisi yarımfinal oyununu Macarıstan millisi ilə keçirib. Sovet komandası kifayət qədər yaxşı heyəti var idi. Murtaz Xurtsilava, Revaz Dzodzuaşvili, Vladimir Kapliçnı və Yuri İstomin müdafiədə seçilirdilər, meydanın mərkəzində isə Viktor Kolotov, Anatoli Konkov, Vladimir Troşkin yaradırdılar. Bakının "Neftçi" komandasının oyunçusu Anatoli Banişevskiyə hücumda Anatoli Baydaçnı və Vladimir Onişenko kömək edirdilər. Bütün tarix boyu SSRİ-nin ən yaxşı qapıçılarından biri olmuş Kiyev "Dinamo"sunun oyunçusu Yevgeni Rudakov qapını çox etibarlı şəkildə qoruyurdu.
Sovet oyunçuları bütün matçı olduqca sabit keçirirdilər və Konkovun uzaq məsafədən vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəldilər. Macarların məğlubiyyətdən qaçmaq üçün fürsəti var idi, amma 84-cü dəqiqədə Rudakov əla oynayaraq Şandor Zambonun penalti zərbəsini qaytara bilib.
Digər bir yarımfinalda Almaniya millisi belçikalıları asanlıqla məğlub edib. Almanların baş məşqçisi Helmut Şön futbolçularını Avropa çempionatına əla formada çıxarmağa bacarıb. Almaniyanın ən güclü komandasının qapıçısı böyük Zepp Mayer, kapitanı isə əfsanəvi Frans Bekkenbauer idi. Paul Braytner, Uli Höness, Herbert Vimmer, Günter Netzer və təbii ki, almanların əsas qol maşını Gerd Müller parlaq oyun göstərirdilər. Müller yarımfinalda komandasının hər iki qolunu belçikalıların qapısına vurub.
Finalda, düzünü desəm, almanlar sovet millisinə bir dənə də olsun şans vermədilər. Azarkeşlərin günahı hər hansı bir təsadüfün və ya hakim səhvinin üzərinə atmaq üçün bəhanəsi də olmadı. "Bundesmanschaft" oyunçuları daha inandırıcı və gözə çarpan dərəcədə güclü idilər. Onlar meydanda istədiklərini edirdilər.
Məşhur "alman maşını"nın təməli məhz Belçikada qoyuldu. İki il sonra isə evdə oynayan almanlar dünya birincisi oldular.
Finalda Müller yenə iki dəfə fərqlənir, Vimmer isə bir qol vurur. Sovet futbolçuları məğlub oldular, amma çox güclü bir rəqibə. Alman millisinin bütün xətləri tarazlaşdırılmışdı, oyunçuların qüsursuz fərdi texnikası var idi və eyni zamanda onlar Helmut Şönün bütün taktiki tapşırıqlarını nizamlı şəkildə yerinə yetirirdilər.
Üçüncü yer uğrunda matçda isə belçikalılar macarları 2:1 hesabı ilə məğlub edirlər. Bu görüş də təsadüflərsiz və hakim səhvləri olmadan başa çatır.
AVRO-1972 sovet azarkeşlərini məyus etdi - nəticəsi ilə deyil, komandanın oyun keyfiyyəti ilə. Biz alman və sovet futbolçuları arasındakı fərqin şəxsən şahidi olduq. Üstəlik, 1971-ci ildən başlayaraq Amsterdamın "Ajax" klubu sovet futbolunun hələ də istifadə etdiyi köhnə taktiki parametrlərdən çox fərqlənən "total futbol"un bütün üstünlüklərini dünyaya nümayiş etdirirdi.
Dördüncü Avropa çempionatı həm azarkeşləri, həm də mütəxəssisləri sovet futbolunun dəyişikliklərə ehtiyac duyduğu, dəyişikliklərsiz isə dünya futbolunun elitasında qalmağın demək olar ki, mümkün olmayacağı haqqında düşünməyə məcbur etdi.
Müasir futbolun reallıqlarına uyğun düşünə biləcək və ən əsası da bütün bunları həyata keçirə biləcək yeni mütəxəssislərə, yeni məşqçilərə ehtiyac duyulurdu.
Ümidlərimiz bizi aldatmadı – bu cür mütəxəssislər çox keçmədən özlərini göstərdilər. Amma bu haqda növbəti materialımızda.
Fuad Məmmədov-Paşabəyli