İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 16 dekabr — Sputnik. Qəbələ şəhərində "Mən bu cahana sığmazam" gənclərin yaradıcılıq festivalı layihəsi çərçivəsində düşərgə təşkil edilib.
Sputnik Azərbaycan bildirir ki, düşərgəyə Nəsimi festivalında uğurlu nəticə göstərən 20 nəfər yaradıcı gənc qatılıb. Təcrübəli təlimçilər gənclərə uğur formulu, effektiv bilik əldə etmə metodları, kitab oxumağın üstünlükləri, zamanın və həyatın idarə edilməsi barədə mühazirələr oxuyublar. Gənclər üçün bilik yarışları, qrup işləri də təşkil edilib. Düşərgənin növbəti günü tarixi Çuxur Qəbələ (Qədim Albaniya), Qəbələ rayonu Tarix-Diyarşünaslıq Muzeyi və Nic qəsəbəsində yerləşən udin evinə ekskursiya təşkil edilib.
Qeyd edək ki, 2019-cu il Azərbaycanın dahi şairinin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilib. Bununla bağlı Gənclər və İdman Nazirliyi üç regionun (Göyçay, İsmayıllı, Qəbələ) gəncləri arasında müsabiqə elan edərək, seçilmiş gənclər üçün “Mən bu cahana sığmazam" adlı yaradıcılıq festivalını təşkil edib. Müsabiqədə Nəsiminin ən yaxşı portretini çəkən, şairin şeirini ən yaxşı ifa edən, şair haqqında ən yaxşı reportaj (foto – video) hazırlayan gənclər seçilərək düşərgədə iştirak hüququ qazanıblar.