BAKI, 16 dekabr — Sputnik. Dekabrın 22-də 08:19-da Azərbaycana qış gəlir. Sputnik Azərbaycan Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minumum hündürlükdə olur. Ən qısa gündüz, ən uzun gecə olur.
Yeri gəlmişkən qeyd edək ki, 2020-ci ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq.
2020-ci ildə yay fəsli Azərbaycana 21 iyun saat 01:43:42-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətiricək (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur). Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san. olacaq.
2020-ci ildə payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.
2020-ci ildə qış fəsli Azərbaycana 21 dekabr, saat 14:02:18-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.