BAKI, 14 dekabr — Sputnik. Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının sammiti zamanı mübahisə edib. Sputnik Azərbaycan xəbər verir ki, mübahisəyə səbəb iqlim dəyişikliyi problemi olub.
Belə ki, iclas zamanı Fransa lideri təkid edib ki, atom – karbon-neytral enerji mənbəyidir və onun heç bir təhlükəsi yoxdur. Lakin Almaniya Kansleri Fransa Prezidenti ilə mübahisə edib və bu mübahisə 6 saat çəkib. Çexiya, Lüksemburq və Avstriya nümayəndələri Kansleri dəstəkləyiblər.
Qeyd edək ki, iqlim mövzusu Avropa İttifaqında əsas mövzulardan biri olub. Sammitin yekunları barədə danışan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel vurğulayıb ki, qurum bu sahədə strategiya haqqında razılaşmaya nail olub, lakin bir ölkə bu strategiyaya qoşulmaqdan imtina edib. Almaniya Kansleri Angela Merkel həmin ölkənin Polşa olduğunu bildirib.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel jurnalistlərə söhbət zamanı Birliyin Varşava ilə yenidən razılığa gəlməyə cəhd edəcəyini bildirib: "Biz anlayırıq ki, Polşaya daha çox vaxt lazımdır".