BAKI, 14 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp demokratları impiçment prosesini bayağılaşdırmaqda ittiham edib və bu prosesin daha uzun sürməyini istədiyini bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Amerika mediası yayıb.
Xatırladaq ki, dekabrın 13-də Nümayəndələr palatası ABŞ Prezidenti Donald Trampa qarşı impiçment maddələrini təsdiqləyib. Tramp prezident vəzifəsindən sui-istifadədə və Konqresin işinə mane olmaqda günahlandırlır.
"Ölkəmiz üçün çox bu kədərli bir haldır, lakin mənim üçün siyasi cəhətdən bu çox yaxşı bir şeydir", - Tramp jurnalistlərə deyib.
Qeyd edək ki, Senat çoxluğunun lideri Miç Makkonel impiçment prosesinin qısa çəkməsini və məhdud sayda şahidin iştirakını tələb edib. Lakin Tramp daha uzun prosesə və məlumatı sızdıran şəxsin ifadə verməsinə üstünlük verdiyini deyib.
"Nə istəyirlərsə onu da edəcəm. Bu vacib deyil. Daha uzun proses yaxşı olardı, çünki mən fırıldaqçı informatorun Senatda ifadə verməsini istəyirəm", - Tramp deyib.