BAKI, 14 dekabr — Sputnik. "Son vaxtlarda İranın əlaltıları ABŞ və beynəlxalq koalisiya qoşunlarının İraqda yerləşdiyi bazalara bir çox hücum həyata keçirib". Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
İranın ya da əlaltılarının amerikalılara, müttəfiqlərimizə qarşı ya da maraqlarımıza ziyan vuran hər hansı bir hücumuna ABŞ-ın qərarlı bir şəkildə cavab verəcəyini İranın rəhbərlərinə xatırlatmaq istəyirəm. İran qonşularının suveren hüquqlarına hörmət etməli və həm İraqda, həm də bölgədəki əlaltılarına hərbi dəstək verməyi dərhal dayandırmalıdır.
Qeyd edək ki, dekabrın 9-da Bağdadın beynəlxalq hava limanının yaxınlığında olan hərbi baza raket hücumuna məruz qalıb və hücum zamanı 6 iraq hərbiçisi yaralanıb. Daha sonra Bağdadda beynəlxalq hava limanının yaxınlığına iki raket düşüb. Partlayış nəticəsində itki və xəsarət alan olmayıb. Bu hücumlara görə ABŞ İranı ittiham edib.