BAKI, 13 dekabr — Sputnik. Moskvada İŞİD terror qruplaşmasının beş döyüşçüsü həbs edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onlar terror aktları hazırlayırmışlar.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat zamanı Rusiyanın iki və Mərkəzi Asiya ölkələrinin üç vətəndaşı saxlanılıb. FTX-nın yaydığı məlumata görə, onlar diversiya-terror aktları hazırlayırmışlar.
Axtarışlar zamanı onların üzərində İŞİD emissarlarından təlimatlar tapılıb. Bundan başqa bir Kalaşnikov avtomatının, bir Makarov tapançasının, sursatların və əldəqayırma partlayıcı qurğunun saxlanıldığı gizli yer aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.
Bu həftə FTX rəhbəri Aleksandr Bortnikov deyib ki, bu ilin əvvəlindən etibarən Rusiyada beynəlxalq terror təşkilatlarının 78 özəyi aşkar edilib və bütün terror aktı cəhdlərinin qarşısı alınıb.