BAKI, 13 dekabr — Sputnik. Son meylləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Bunu Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər.
Açıqlamaya əsasən, mövcud makroiqtisadi meyllərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.
Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir.
Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.
Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməyib, 15.4%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46.4%-nin qiymət artımı 2%-dən aşağı olub.